Həmin dövrdə Bakıda fəaliyyət göstərən İttifaq adlı təşkilat da azərbaycanlı əhalini rusların və ermənilərin törətdiyi qırğınlardan müdafiə edirdi.
Müstəmləkəçi rejimə qarşı xalqımızın azadlıq mübarizəsi sonrakı illərdə də davam edərək yeni mərhələyə qədəm qoydu. 1911-ci ilin oktyabrında Məmmədəli Rəsulzadə, Abbasqulu Kazımzadə və Tağı Nağıyev Müsavat (Bəra bərlik) Partiyasını yaratdılar. Məhəmməd Əmin Rəsulzadə 1913-cü ildə mühacirətdən qayıtdıqdan sonra Müsavat Partiyasının liderinə çevrildi. O yazırdı: “Milli istiqlala malik olmayan bir xalq öz mövcudluğunu saxlaya bilməz”. Müsavat Partiyasının rəhbərliyi altında milli azadlıq hərəkatı daha məqsədyönlü və ardıcıl xarakter aldı. Partiyanın mətbuat orqanı 1915-ci ildən nəşr edilən “Açıq söz” qəzeti idi. M.Ə.Rəsulzadənin baş redaktoru olduğu bu qəzet xalqımızda millətçilik və türkçülük düşüncəsinin formalaşmasında misilsiz rol oynadı.
Böyük mütəfəkkir Əli bəy Hüseynzadənin irəli sürdüyü "Türk qanlı, İslam inamlı va Avropa qiyafəli1" tezisi milli hərəkatın əsas devizinə çevrildi. M.Ə.Rəsulzadə yazırdı: “Biz türk və müsəlman qalaraq müstəqil yaşamaq istəyiriksə, hökmən müasirləşib zəmanə adamı olmalıyıq”. Müasirləşmək dedikdə, Avropada möcüzələr yaradan elm və texnikanın nailliyyətlərinə yiyələnmək nəzərdə tutulurdu.
Siz müasirləşməyi necə başa düşürsünüz? Müasirləşmək fikrini daha necə izah etmək olar? Müzakirə edin.
Azərbaycanlı deputatların Rusiya Dövlət Dumalarında fəaliyyəti. ABŞ-da və Qərbi Avropanın qabaqcıl ölkələrində respublika quruluşu və ya parlamentli, yaxud konstitusiyalı monarxiya mövcud idi. Rusiyada isə mütləq monarxiya hökm sürürdü. İnqilabi yüksəlişin təsiri ilə 1905-ci ilin payızında Rusiyada da qanunverici səlahiyyətli orqan olan Dövlət Duması yaradılması qərara alındı. Dövlət Duması səlahiyyətlərinin son dərəcə məhdud olması ilə Qərbi Avropa parlamentlərindən fərqlənirdi.
Şimali Azərbaycanda Birinci Dumaya seçkilər 1906-cı ilin may ayında keçirildi. Milli hərəkatın Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanlı kimi görkəmli xadimləri deputat seçildilər. Azərbaycanlı deputatlar Rusiyanın digər müsəlman bölgələrindən olan deputatlarla birlikdə çıxış edirdilər. Dumada olan Müsəlman fraksiyasına2 Ə.Topçubaşov başçılıq edirdi. Azərbaycanlı deputatlar Dumada xalqımızın ağır həyatı ilə bağlı çox ciddi məsələlər qaldırdılar. Rus çarı itaətkar olmayan Birinci Dumanı tezliklə qovdu. İkinci Dumaya seçkilər 1907-ci ildə keçirildi. Azərbaycanı Dumada 6 deputat təmsil edirdi. Deputatlardan Fətəli xan Xoyski və Xəlil bəy Xasməmmədov türk-müsəlman əhalinin hüquqlarının müdafiəsi ilə bağlı Dumada kəskin çıxışlar etdilər. İkinci Duma da müzakirəyə çıxardığı heç bir məsələni həll etmədən çar tərəfindən qovuldu. 1907-ci ilin payızında yeni, daha irticaçı seçki qanunu əsasında Üçüncü Dumaya seçkilər keçirildi. Bakı, Gəncə və İrəvan quberniyalarının müsəlman əhalisindən yalnız bir deputat - Xəlil bəy Xasməmmədov nümayəndə seçildi. O, tanınmış hüquqşünas kimi Dumada türk-müsəlman əhaliyə azadlıq və siyasi hüquqlar verilməsi, təhsil və məhkəmə işlərinin ana dilində aparılması kimi mühüm tələblər irəli sürdü.
1Qiyafə - geyim, görünüş
2 Fraksiya - parlament daxilində oxşar siyasi görüşlərə
görə nümayəndələrin yaratdığı qruplaşma