Milli partiyaların yaradılması. Şimali Azərbaycanda ilk milli partiya Gəncədə yaradılmışdı. 1905-ci ilin yayında Ələkbər bəy Rəfibəyov öz məsləkdaşları ilə birlikdə Gəncədə Qeyrət Partiyasını təsis etdilər. Bu partiya Rusiyanın federativ dövlət kimi qurulmasını və Azərbaycana muxtariyyət verilməsi tələbini irəli sürən ilk siyasi təşkilat idi. Partiyanın Şuşa və Bakıda yerli özəkləri fəaliyyət göstərirdi.
1905-1906-cı illərdə Azərbaycanın demokratik qüvvələrini düşündürən ən vacib məsələ xalqımızı ermənilərin törətdikləri qırğınlardan qorumaq idi.
Vətənpərvər ziyalımız Əhməd bəy Ağayev isə 1906-cı ildə Difai1 Partiyasını yaratdı. Mərkəzi Komitəsi Bakıda yerləşən partiyanın bütün qəza mərkəzlərində şöbələri fəaliyyət göstərirdi. Möhüründə iki çarpaz qılınc, aypara və ulduz təsviri olan partiyanın əsas məqsədi xalqımızı erməni terrorundan müdafiə etmək idi. Partiya erməni terrorçularından və onun havadarlarından amansız intiqam alırdı. Difainin yaradıcısı Daşnaksutyunun rəhbərlərinə açıq şəkildə bildirmişdi: “Əgər daşnaklar fəaliyyətlərini köhnə qaydada davam etdirib müsəlmanlara xaincəsinə hücum edərlərsə, onlar amansız cavab zərbəsinə məruz qalacaqlar... Çünki Difai Partiyası bizim millətin yerlə yeksan edilmiş, yandırılıb xaraba qoyulmuş yurdunda ermənilərin özlərinə rifah yaratmasına qətiyyən yol verməyəcəkdir”.
Difai partiyası yerlərdə xüsusi silahlı döyüşçü dəstələri yaratmışdı. Partiyanın Qarabağ şöbəsinin 400 nəfərlik hərbi dəstəsi vardı. Şuşada erməni quldurlarına yardım göstərmiş general Qoloşapov, Naxçıvanda ermənilərin törətdiyi qırğınlarda fəal iştirak etmiş qəza rəisi Enkel Difai rəhbərliyinin göstərişi ilə öldürüldü. General Qoloşapovun öldürülməsinə görə Difai partiyasının yaydığı bəyanatda bildirilirdi: “Bu, Qafqaz müsəlmanlarının şərəf və ləyaqətinin müdafiəsi yolunda partiyanın ilk qisas aktıdır. İndi minlərlə dərdli ana və bacılarımızın göz yaşı quruyacaqdır. İndi Zəngəzur, Şuşa, Cəbrayıl və Cavanşir qəzalarının müflisləşmiş, evsiz-eşiksiz, sərgərdan dolaşan minlərlə sakini, az da olsa, rahat nəfəs alacaqdır”.
Difai partiyasının xalqımızın düşmənlərinə qarşı qətiyyətli mübarizəsi Rusiya hökumətini bərk narahat etdi. Hökumət bu təşkilatı “müsəlmanların döyüşkən partiyası” hesab edirdi. Sərt cəza tədbirləri və kütləvi həbslər nəticəsində partiya 1909-cu ildə fəaliyyətini müvəqqəti dayandırmağa məcbur oldu.
1907-ci ildə Gəncədə Müdafiə təşkilatı yaradıldı. Bu təşkilatın yaradılmasında rus ordusunun zabiti İbrahim ağa Vəkilov böyük rol oynadı. Təşkilatın fəxri sədri İsmayıl xan Ziyadxanlı idi. Əsas siyasi qüvvəsi mütərəqqi fikirli bəylər və ziyalılar olan təşkilatın fəaliyyəti Yelizavetpol quberniyasının qərb hissəsini və Borçalını əhatə edirdi. Bu təşkilat Difai Partiyasının yolunu davam etdirirdi. Təşkilat geniş maarifləndirmə işi aparır və azərbaycanlıların hüquqlarını qoruyurdu.
1Difai - müdafiə.