Sizcə, ərz-hallara daha hansı tələbləri əlavə etmək olardı? Təkliflərinizi əsaslandırın.
Bu ərz-hal Azərbaycan xalqının adından çara ünvanlanmış ilk proqram sənədi idi. Milli burjuaziya nümayəndələri, demokratik ziyalılar və ictimai xadimlər bir araya gələrək xalqımızın ən mühüm problemlərini ali hakimiyyətə çatdırmışdılar.
Azərbaycanın milli demokratları bütün Rusiya müsəlmanlarını hökumətə qarşı bir cəbhədə birləşdirməyə çalışırdılar. Azərbaycan, Krım və Kazan türklərinin ziyalılarının birgə təşəbbüsü ilə 1905-ci ilin avqustunda Rusiya müsəlmanlarının birinci qurultayı keçirildi. Qurultayda Rusiya Müsəlman İttifaqı yaradıldığı rəsmən elan edildi. 1906-cı ilin yanvar ayında keçirilən ikinci qurultayda təşkilatın nizamnaməsi və müvəqqəti proqramı qəbul olundu.
1906-cı ilin avqustunda keçirilən üçüncü qurultayda isə Rusiya Müsəlman İttifaqının Ə.Topçubaşov tərəfindən hazırlanmış proqramı qəbul edildi. Proqramda Rusiya Müsəlman İttifaqının əsas tələbləri belə müəyyən edilmişdi:
1. Konstitusiyalı dövlət quruluşu formalaşdırılsın;
2. Müsəlman xalqlarına milli-mədəni muxtariyyət verilsin;
3. Yeni tipli məktəblər açılsın və icbari ibtidai təhsilə keçilsin.
Qurultayda həmçinin Rusiya Müsəlman İttifaqının rəhbər orqanı olan Mərkəzi Komitənin yaradılması qərara alındı. Bakı şəhəri bu qurumun daimi yeri müəyyən edildi. Beləliklə, Şimali Azərbaycan Rusiyanın müsəlman xalqlarının azadlıq hərəkatının mərkəzinə, Ə.Topçubaşov isə onun liderinə çevrildi. Üçüncü qurultayda Bakı, Kazan və Bağçasarayda müəllimlər institutları yaradılması tələbi də irəli sürüldü.
SUAL VƏ TAPŞIRIQLAR: