Sultan bəyin xalq qəhrəmanına çevrilməsi 1905-ci il erməni - müsəlman davası ilə bağlıdır. Müsəlman dəstələrindən birinə Əlipaşa bəy başçılıq edirdi. Onun ən yaxın yardımçısı isə böyük oğlu Sultan bəy idi. Zəngəzur mahalında xalq arasında belə bir məsəl vardı: “Paşa bəyin ədaləti, Sultan bəyin cəsarəti”.
Sultan bəy Sultanov haqqında əlavə məlumat toplayıb referat hazırlayın.
Qarabağın Xankəndi və Malıbəyli kəndlərində çar hökumətinin asayişi qorumalı olan qoşunlarının gözü qarşısında bütün azərbaycanlı qadın və uşaqlar qətlə yetirilmişdi. O dövrdə ABŞ-da dərc edilən erməni icmasının nəşrlərində İrəvanda milli qırğından əsas zərərçəkənlərin azərbaycanlılar olduğu etiraf edilmişdi. Ermənilərin azərbaycanlı əhaliyə qarşı qətl və qarətləri çox geniş əraziləri əhatə etmiş, milli qırğınlardan hər iki tərəf ciddi ziyan çəkmişdi. 1905-1906-cı illərdə milli qırğınlar zamanı ermənilər tərəfindən 158 Azərbaycan kəndi yandırılaraq məhv edilmişdi. Xalqımızın qeyrətli oğulları erməni qətl və qarətlərinə layiqincə cavab verir, hər dəfə qırğına başlayan ermənilər daha böyük itkilərə məruz qalırdılar.
Milli-demokratik hərəkat. Azərbaycanın milli-demokratik qüvvələri çarizmin milli qırğın siyasətinin əsl məqsədini aydın şəkildə başa düşür, xalqımızı bu siyasətin gətirdiyi bəlalardan xilas etmək üçün bütün imkanlarını səfərbər etməyə çalışırdılar. Görkəmli ziyalılarımız Əhməd bəy Ağayev, Əlimərdan bəy Topçubaşov, Üzeyir Hacıbəyli, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir və başqaları hər iki xalqı bu amansız ədavətə son qoymağa çağırır, çar hökumətinin qəsdən milli qırğın yaratmasını ifşa edirdilər.
Çar hökumətinin milli qırğın siyasəti xalqımızın azadlıq mübarizəsinin qarşısını ala bilmədi. Milli-demokratik hərəkatın rəhbərləri çox çətin şəraitdə mübarizə aparırdılar. Onlar Rusiyada yaşayan bütün müsəlman və türk xalqlarının milli və siyasi hüquqlar qazanmasına çalışırdılar.
Azərbaycanın milli burjuaziyası və demokratik ziyalıları imperiyaya qarşı mübarizədə öz borclarını vicdanla yerinə yetirməyə çalışırdılar. Milli burjuaziyanın lideri H.Z.Tağıyev, milli ziyalılarımızın başçısı isə Ə.Topçubaşov idi. Görkəmli ictimai xadim Ə.Topçubaşov Rusiya hökumətinin türk-müsəlman əhaliyə geniş demokratik azadlıqlar verməsi tələbi ilə çıxış edir, Rusiyanın konstitusiyalı monarxiyaya çevrilməsini arzulayırdı. Onun fəal iştirakı ilə Cənubi Qafqazın müsəlman əhalisinin xeyrinə islahatlar keçirilməsi haqqında 1905-ci ilin yayında ərz-hal - xahişnamə hazırlanıb mərkəzi hökumətə göndərildi. Bu sənəddə imperiyada yaradılacaq bütün qanunverici və seçkili orqanlarda müsəlmanların təmsil olunması, onlara heç bir məhdudiyyət qoyulmadan dövlət vəzifələri tutmaq imkanı verilməsi, mülkiyyətlərinin toxunulmazlığı, söz, mətbuat, vicdan azadlıqlarının təmin edilməsi, ana dilində ümumi, icbari və pulsuz ibtidai təhsil hüquqlarının olması və s. tələblər irəli sürülmüşdü.