Əziz şagirdlər!
Sizə təqdim olunan Azərbaycan tarixi dərsliyi Vətənimizdə yeni və müasir dövrdə baş vermiş ən mühüm hadisələrdən bəhs edir. Siz bu dərsliyə əsasən XIX əsrin 30-cu illərindən bu günlərə kimi Azərbaycanda baş vermiş prosesləri: ən mühüm sosial- iqtisadi dəyişiklikləri, xalq hərəkatlarını, müstəqil dövlətçiliyimizin tarixini, qazanılmış ictimai-siyasi nailiyyətləri, insanların həyat tərzindəki inkişafı öyrənmək imkanı qazanacaqsınız. Dərslikdə müxtəlif mənbələrdən nümunələr verilmişdir. Bu nümunələr sizə tarixin müxtəlif dövrlərində baş vermiş real hadisələr, faktlar haqqında daha dolğun məlumat vermək üçün seçilmişdir. Tarixi şəxsiyyətlərə, tarixi hadisələrə müxtəlif yanaşmalar haqqında ilk mənbələrdən əxz edilmiş maraqlı məlumatlar sizə Azərbaycan tarixi dərslərində müqayisələr etməyə, müzakirələr aparmağa geniş imkan yaradacaq. Dərslikdə verilmiş xəritələr, mənbələr, şəkillər, sxem və cədvəllər isə tarixi məkanlar, eləcə də hadisələr haqqında biliklərinizin dərinləşməsində yardımçınız olacaq.
Çar Rusiyasının müstəmləkəçi siyasətinə qarşı xalq hərəkatı, milli oyanışı labüd edən şərtlər, həyata keçirilən islahatlar, mədəniyyətin yüksəlişi, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və fəaliyyəti, Şimali Azərbaycanda sovet rejiminin qurulması, Cənubi Azərbaycanda milli azadlıq mübarizəsi, Azərbaycan Respublikasının müstəqilliyinin bərpası və böyük uğurların əldə olunması haqqında məlumatlar sizi Vətənimizin həm yaxın keçmişi, həm də bu günü ilə tanış etmək məqsədi daşıyır.
Gerçək tariximizi öyrənməkdə sizə uğurlar diləyirik!
Müəlliflər