XX əsrin əvvəllərində Şimali Azərbaycanda, xüsusilə də Bakıda fəhlələr çıxış yolunu hökumət və sahibkarlara qarşı nümayiş və tətillərdə görürdülər. 1902-ci ildə Bakıda baş vermiş ilk siyasi nümayişdə “Rədd olsun mütləqiyyət!”, “Yaşasın azadlıq!” şüarları səslənmişdi. 1903-cü ilin yayında Bakı şəhərində keçirilən ilk böyük ümumi tətildə 8 saatlıq iş günü, əməkhaqqının artırılması tələbləri irəli sürülmüş, sahibkarlarla danışıq aparmaq üçün Tətil Komitəsi yaradılmışdı. Lakin hökumət bu tətili ordunun gücü ilə amansızlıqla yatırdı.
1904-cü ilin dekabrında Bakıda fəhlələrin yeni, daha böyük ümumi tətili baş verdi. Bu tətildə 50 mindən çox fəhlə iştirak edirdi. Tətil Komitəsinin səyi ilə 1904-cü il dekabrın 30-da neft sənayeçiləri ilə fəhlə nümayəndələri arasında müştərək müqavilə bağlandı. “Mazut konstitusiyası” adlandırılan bu sənədə görə, iş günü 9 saata endirildi, əməkhaqqı 20-25% artırıldı. Fəhlələr həftədə bir gün istirahət etmək, ildə bir dəfə məzuniyyətə çıxmaq hüququ qazandılar. Əməkhaqqı ödənilərkən Cənubi Azərbaycandan kəsbkarlığa gələn işçilərlə yerli fəhlələr arasında qeyri-bərabərlik aradan qaldırıldı. Mexaniki istehsal sahələrində çalışan fəhlələrsə tətili davam etdirərək 1905-ci ilin yanvar ayında sahibkarları müştərək müqavilə bağlamağa məcbur etdilər.
Beləliklə, 1904-cü ilin dekabr ümumi tətili fəhlələrin çar hökuməti və sahibkarlar üzərində ilk böyük qələbəsi oldu. Bu tətil həm də 1905-1907-ci illər inqilabının müjdəçisi hesab edilir. İnqilabın başlanması isə Şimali Azərbaycanda çarizmin müstəmləkəçi və milli zülmünə qarşı xalqımızın azadlıq mübarizəsinə güclü təkan verdi. Azadlıq hərəkatı yeni mərhələyə qədəm qoydu. Bu mərhələnin səciyyəvi cəhəti milli siyasi təşkilatların formalaşması və muxtariyyət tələbinin irəli sürülməsi idi. Bakıda və digər sənaye mərkəzlərində fəhlə tətilləri və nümayişləri kütləvi xarakter aldı, qəzaların çoxunu kəndli çıxışları, qaçaq hərəkatı bürüdü. Qaçaq hərəkatının ən geniş yayıldığı bölgə Yelizavetpol quberniyası idi. Bu hərəkatın nümayəndələrindən olan Qaçaq Yusif, Qaçaq Süleyman, Qandal Nağı, Dəli Alı və başqaları xalq içərisində sevilən çox məşhur qəhrəmanlara çevrilmişdilər.
Xalqımızın azadlıq mübarizəsindən qorxuya düşən çar hökuməti təcili tədbirlərə əl atdı. 1905-ci il fevralın 15-də Bakı general-qubernatoru vəzifəsi yaradıldı və generalqubernatora böyük səlahiyyətlər verildi. Bakı quberniyasında hərbi vəziyyət elan olundu.
Hakimiyyət nümayəndələri bəzi güzəştlərə getməyə məcbur qaldılar. Azərbaycan dilində qəzet və jurnallar buraxılmasına, xeyriyyə cəmiyyətləri, məktəb və digər mədəni-maarif ocaqları yaradılmasına icazə verildi.
Cənubi Azərbaycanda azadlıq hərəkatı. Səttarxan. XX əsrin əvvəllərində Qacar şahlarının yarıtmaz siyasəti nəticəsində Cənubi Azərbaycan əhalisinin çox hissəsi yoxsul şəraitdə yaşayırdı. Ölkənin bütün sərvətləri bir qrup şəxsin əlində cəmləşmişdi. Hər il yüz minlərlə soydaşımız iş dalınca qonşu ölkələrə kəsbkarlığa gedirdi. Onların çoxu isə vətənimizin digər hissəsinə - Şimali Azərbaycana pənah gətirmişdi.
Şimali və Cənubi Azərbaycanda yaşayan əhalinin yoxsul təbəqəsinin sosial vəziyyətini müqayisə edin.