Pambıqçılıqda maşın və traktorlardan istifadə edilir və cərgəli əkin üsulu tətbiq olunurdu.
XX əsrin əvvəllərində üzüm və tut bağlarının salınması, tütün əkilməsi də sürətlə genişlənməkdə idi. Birinci Dünya müharibəsi ərəfəsində Cənubi Qafqazda istehsal edilən xam ipəyin üçdə iki hissəsini ölkəmiz verirdi. Xam ipəyin bir hissəsi yerli fabriklərdə emal edilir, böyük bir hissəsi isə Rusiyaya və xarici ölkələrə ixrac olunurdu. Azərbaycan kəndlərində yeni kənd təsərrüfatı texnikası və traktorlardan istifadə tədricən artmaqda idi. Kənd təsərrüfatı texnikası, əsasən, mülkədar və qolçomaq təsərrüfatlarında işlədilirdi.
Muğana köçürülmüş rus ailəsi.
Rusiya imperiyasının köçürmə siyasətinin, etnik münaqişə toxumu səpməsinin "parçala, hökmranlıq et" siyasətinin bir hissəsi olduğunu əsaslandırın.
Köçürmə siyasəti. Azərbaycanlı kəndlilər yararlı torpaq azlığından əziyyət çəkdikləri bir şəraitdə çar hökuməti köçürmə siyasətini geniş miqyasda davam etdirirdi. XX əsrin əvvəllərində təkcə Cavad qəzasına - Muğana köçürülən rus kəndliləri üçün xeyli yararlı torpaq sahəsi ayrılmışdı. Bununla bağlı Muğanda 2 mindən çox azərbaycanlı ailəsi öz ata-baba yurdundan qovulmuş, torpaqları isə yeni köçürülmüş rus kəndlilərinə verilmişdi. Çox qısa müddət ərzində Muğanda 49 rus kəndi salınmışdı. Rus hökumətinin köçürmə siyasəti etnik münaqişəyə zəmin yaratmaqla yanaşı, bu torpağın əsl sahibi olan Azərbaycan xalqında hakimiyyətə qarşı dərin nifrət hissi doğurmuşdu. Ona görə də dövlət rus kəndlilərinə yerli əhalidən qorunmaaq üçün odlu silah paylamışdı.
Yeni aqrar qanunlar. XX əsrin əvvəllərində ölkəmizdə bütün torpaqların 70 faizə qədəri dövlətin mülkiyyətində idi. Kəndlilərin üçdə iki hissəsi həmin torpaqlarda yaşayırdı. XIX əsrin sonuna kimi dövlət kəndlilərinin torpaq münasibətlərinin tənzimlənməmiş qalması kənd təsərrüfatının kapitalistcəsinə inkişafına mənfi təsir göstərirdi.
Çar hökuməti “Cənubi Qafqazda dövlət kəndlilərinin torpaq quruluşu haqqında” 1900-cü il mayın 1-də verdiyi qanunla bu sahədə ilk addım atdı. Dövlət kəndlilərinə icma torpaqlarından nəsli istifadə hüququ verildi. Bu qanuna uyğun olaraq, 1903-cü ildə yeni Əsasnamə qəbul edildi. Əsasnamədə kəndlilərin nəsli istifadəsinə keçən torpaqların sərhədlərinin müəyyən edilməsi qaydası aydınlaşdırıldı. Kəndlilərə əlavə pay torpaqlarının verilməsi, çəmən, otlaq və meşələrdən onlara pay ayrılması qaydası müəyyən edildi. Bundan istifadə edən qolçomaqlar yararlı torpaqların çox hissəsini ələ keçirərək dövlət kəndində təbəqələşmənin dərinləşməsinə səbəb oldular.
Şimali Azərbaycanın sahibkar kəndlərində 1870-ci ildə keçirilən islahat yarımçıq qalmışdı. Kəndlilərin çoxu pay torpaqlarını satın ala bilməmişdilər. Ona görə də sahibkar kəndliləri mülkədarlara vergi və mükəlləfiyyətlər ödəməkdə davam edirdilər.
Dövlət kəndlərinə nəsli istifadə üçün pay torpaqları verilməsinin nəticələrini müəyyən edin.