SUAL VƏ TAPŞIRIQLAR:
XX əsrin əvvəllərində Şimali Azərbaycanda torpaq münasibətləri hələ də tam şəkildə nizamlanmamışdı. Kəndlərdə təbəqələşmə daha da dərinləşsə də, torpaq məsələsinin tam həll olunmaması Azərbaycan kəndində kapitalist münasibətlərinin inkişafını ləngidirdi. Bəs çar hökuməti aqrar məsələnin həll olunmasında maraqlı idimi?
Muğanda rus kəndləri, aqrar qanunlar, qolçomaq, torpaq pulu, sosial təbəqələşmə
Kənd təsərrüfatı. XX əsrin əvvəllərində Şimali Azərbaycanda kənd təsərrüfatının əsas sahələri əkinçilik və maldarlıq olaraq qalırdı. Ölkəmizdə əkinəyararlı torpaqların yarıdan çoxunda taxıl əkilirdi. Lakin daha yüksək gəlir gətirən texniki bitkilərin becərilməsi sürətlə artmaqda idi. Cənubi Qafqazda istehsal olunan çəltik məhsulunun əksər hissəsini Şimali Azərbaycan verirdi. Çəltik istehsalının əsas mərkəzi yenə də Lənkəran qəzası idi.
Maldarlıq bütün bölgələrdə mühüm yer tutur, qoyunçuluq xüsusilə inkişaf edirdi. Toxuculuğun artan tələbinə uyğun olaraq zərifyunlu qoyun cinslərinin yetişdirilməsinə xüsusi diqqət yetirilirdi.
Rusiyanın və yerli sahibkarların pambıq parça fabriklərinin ildən-ilə istehsalı genişləndirməsi ilə əlaqədar pambıq əkinləri sürətlə artırdı. 1900-1913-cü illər ərzində pambıq istehsalı 5 dəfə çoxalmışdı.
H.Z.Tağıyev pambıq parça fabriklərini xammalla təmin etmək məqsədilə Yevlax yaxınlığında böyük torpaq mülkü satın almış, Cavad qəzasında nəhəng pambıqtəmizləmə zavodu tikdirmişdi. O, un dəyirmanı inşa etdirmiş, Quba qəzasında üzüm bağları saldırmışdı. Balıq sənayesinə böyük sərmayə qoymuş, ən iri vətəgələrdən olan “Bankə” vətəgəsinin sahibi olmuşdu. Balıq məhsullarını saxlamaq üçün Petrovsk (Mahaçqala) şəhərində soyuducu anbar, buz və çəllək istehsal edən zavodlar tikdirmişdi.
H.Z.Tağıyevin iqtisadi addımlarını müstəmləkəçi iqtisadi siyasətə zərbə hesab etmək olarmı? Fikrinizi əsaslandırın.