Azərbaycanın çox qiymətli balıq və kürü məhsulları Rusiya ilə yanaşı, ABŞ, Almaniya, Fransa, Polşa və başqa ölkələrə ixrac edilirdi. Balıq sənayesi istehsal həcminə və fəhlələrin sayına görə neft sənayesindən sonra ikinci yeri tuturdu.
Rusiya hökuməti əhalisinin böyük əksəriyyəti müsəlmanlardan ibarət olan Şimali Azərbaycanda hər vasitə ilə şərab, konyak və spirt istehsalını artırmağa çalışırdı. 1914-cü ilin məlumatına görə, Cənubi Qafqazda istehsal olunan bu içkilərin çoxu Şimali Azərbaycandakı zavodlarda emal edilirdi.
1913-cü ildə Şimali Azərbaycanda 2,5 milyon nəfər, Bakıda 300 mindən çox əhali yaşayırdı. Bakı şəhərində sürətlə artan əhalinin ərzaq məhsullarına, xüsusilə içməli suya olan tələbatını ödəmək çox çətinləşmişdi. Şəhər əhalisi içməli su üçün ətraf kəndlərdəki quyuların və Həştərxandan gəmilərlə gətirilən suyun ümidinə qalmışdı.
Murtuza Muxtarov Bakı gimnaziyasının, Temir-xan-şura şəhərindəki qız məktəbinin qəyyumu idi. Səxavətli və mehriban insan olan M.Muxtarovdan xatirə olaraq əzəmətli binalar qalmışdır. Onlardan Vladiqafqaz şəhərindəki məscidi, Kislovodskdakı möhtəşəm binaları göstərmək olar. M.Muxtarovun Mərdəkandakı bağ evi sovet dövründə Dendroparka1 çevrilmişdir.
Milli burjuaziyanın xalqımızın təhsilində, mədəniyyətində rolunu müzakirə edin.
H.Z.Tağıyevin ciddi səyi ilə Şollar su kəmərinin çəkilişi 1917-ci ildə başa çatdırıldı. Su kəmərinin açılışı şəhərdə böyük bayrama çevrildi.
Dumanın iclaslarının birində suyun Kürdən və ya Samurdan çəkilməsi tələbi qoyuldu. Şollar bulağı haqqında eşitmək belə istəmirdilər. Şəhər başçısı Duma üzvlərinə müraciət edərək bildirdi ki, Şollar suyu Almaniyada analiz olunubdur, keyfiyyəti yaxşıdır. Əsas əleyhdarlar - o dövrdə Bakıya Kürdən və Volqa çayından gəmi ilə su gətirən erməni işbazlar bu haqda heç nə eşitmək istəmir, narazılıq edirdilər. Dumada ciddi gərginlik yaranmışdı. Yalnız H.Z.Tağıyevin səyi nəticəsində Duma Şollar su kəmərinin çəkilməsi haqqında qərar qəbul etdi.
H.Z.Tağıyev əhalinin rifahının yaxşılaşdırılması istiqamətində daha hansı tədbirlər görmüşdür?
XX əsrin əvvəllərində Bakı yük limanı dövriyyəsinə görə Rusiya imperiyasında birinci yerə çıxdı. 1912-ci ildə Bakı ilə Tiflis arasında birbaşa telefon xətti çəkildi.
1Dendropark - müxtəlif coğrafi zonalara məxsus ağac və kolların becərildiyi yer.