Bakıda isə Birinci Dünya müharibəsi ərəfəsində neftin beşdə dörd hissəsi hələ də köhnə mühərriklərlə çıxarılırdı. Bunun nəticəsi idi ki, Azərbaycan dünya neft istehsalında ikinci yerə sıxışdırıldı və birincilik ABŞ-a keçdi.
Şimali Azərbaycanın neft sənayesində xarici və rus kapitalistləri ağalıq etsələr də, milli sahibkarlardan Musa Nağıyev və Şəmsi Əsədullayevin şirkətləri 20 ən iri neft şirkətinin sırasına daxil idi.
Sənayenin başqa sahələri. Şimali Azərbaycanda əlvan metallurgiya sənayesi XX əsrin əvvəllərində inkişafın yüksək mərhələsində idi. Lakin böhran bu sahəyə də müəyyən təsir göstərdi. “Simens qardaşları” şirkətinə məxsus Gədəbəy misəritmə və Qalakənd missaflaşdırma zavodları Rusiya və Almaniyanı çox keyfiyyətli mislə təmin edirdi. Gədəbəy mis mədənlərində almazla qazma üsulu tətbiq edilmişdi. Mis çıxarılmasında ağır əl əməyini elektriklə hərəkətə gətirilən qurğular əvəzləmişdi. Bu məqsədlə Qalakənddə su elektrik stansiyası tikilmişdi. 1907-ci ildə Rusiyada 7 ən iri mis zavodunun sahibləri “Mis” sindikatı1 yaratdılar. Gədəbəy misəritmə zavodu da bu inhisarın tərkibinə daxil idi. Bu, əlvan metallurgiyada inhisarlaşma prosesini göstərirdi.
XX əsrin əvvəllərində yüngül və yeyinti sənayesi sahələri sürətlə inkişaf edirdi. Cənubi Qafqazda ipək sənayesinin mərkəzi yenə də Şəki şəhəri idi. Ölkəmiz Rusiya, Fransa və İtaliyanın ipək parça fabriklərini yüksək keyfiyyətli xam ipəklə təmin edirdi.
Qafqazın başlıca pambıqtəmizləmə sənayesi müəssisələri də ölkəmizdə yerləşirdi. 1914-cü ilin məlumatına görə, Cənubi Qafqazda istehsal edilən mahlıcın dörddə üç hissəsindən çoxu Şimali Azərbaycanın payına düşürdü. Pambıqtəmizləmə sənayesinə qoyulan kapitalın böyük hissəsi H.Z.Tağıyev, Mahmudbəyov qardaşları və başqa azərbaycanlı sahibkarlara məxsus idi. Bu sahədə diqqətəlayiq cəhət emal olunan mahlıcın bir hissəsinin ölkəmizdə parça toxunmasında istifadə edilməsi idi. Cənubi Qafqazda pambıq parça toxuyan beş fabrikdən dördü milli kapital nümayəndələrinə - azərbaycanlı sahibkarlara məxsus idi.
Şimali Azərbaycanın balıq sənayesinin 70%-i azərbaycanlı sahibkarların əlində cəmləşmişdi. Onlardan H.Z.Tağıyev, M.Muxtarov və M.Nağıyev xüsusilə seçilirdi.
1 Sindikat - bir neçə müəssisənin məhsulun qiyməti, xammalın alınması, satış bazarı məsələləri üzrə razılğa gəldiyi birlik