Beləliklə, milli teatrımızın əsası qoyuldu. Sonrakı illərdə Bakı Teatr həvəskarları qrupu peşəkar aktyorlar truppasına çevrildi. Görkəmli xeyriyyəçi və sahibkar, xalqımızın tərəqqisi yolunda böyük xidmətlər göstərdiyinə görə “millət atası” adını qazanmış Hacı Zeynalabdin Tağıyev isə elə bu səbəbdən 1883-cü ildə Bakıda ilk teatr binasını tikdirdi.
XIX əsrin 80-90-cı illərində Bakı ilə yanaşı, Şuşa, Quba, Şəki, Gəncə, Naxçıvan və İrəvanda da teatr tamaşaları göstərilirdi. 1895-ci ildə Bakı Artistlər Cəmiyyəti təşkil edildi.
Musiqi, rəssamlıq və memarlıq. XIX əsrdə Azərbaycanda aşıq musiqisi və muğam sənəti inkişaf etməkdə idi. Aşıqlardan Molla Cuma və Aşıq Ələsgər aşıq musiqisinin inkişafına böyük töhfələr verdilər. Azərbaycan muğam sənətinin Xarrat Qulu, Hacı Hüsü, Məşədi İsi, Cabbar Qaryağdıoğlu, Sadıqcan kimi nümayəndələrini nəinki Qafqazda, onun hüdudlarından kənarda da yaxşı tanıyırdılar.
XIX əsrdə Azərbaycan rəssamlığında portret janrı inkişaf etmişdi. Rəssam Mirzə Qədim İrəvani İrəvan Xan sarayındakı Güzgülü salonun divarlarına “Abbas Mirzə”, “Fətəli şah” portretlərini, həmçinin “Cavan oğlan”, “Oturan qadın” rəsmlərini çəkmişdi. Dövrün digər rəssamı Mir Möhsün Nəvvab çoxlu miniatür və illüstrasiyalarla yanaşı, Əmir Teymurun portretini də yaratmışdı. Ustad rəssam Qənbər Qarabağlı XIX əsrin ortalarında şagirdləri ilə birlikdə Şəki Xan sarayının divar rəsmlərini bərpa etmişdi.
XIX əsrdə şəhərsalma işində məşhur memar Qasım bəy Hacıbababəyov böyük rol oynamışdı. O, Bakı şəhərinin mərkəzi meydanının tikintisini (indiki Fəvvarələr meydanı) həyata keçirmişdi. Onun yaratdığı ən böyük memarlıq abidələrindən biri Böyük karvansara hesab olunur.
Dövrün digər görkəmli memarı İosif Qoslavskinin layihəsi əsasında XIX əsrin sonunda H.Z.Tağıyevin Qızlar məktəbi inşa edilməyə başlanmışdır.
Yüzilliyin sonunda Bakı milyonçuları arasında gözəl bina tikdirmək “yarışı” gedirdi. Onlar bir-birinin bəhsinə gözəl və dəbdəbəli binalar inşa etdirirdilər. Hər biri memarlıq incisi hesab edilən yeni tikililərdə milli və Avropa üslubları ustalıqla uzlaşdırılırdı.
Ədəbiyyat. XIX əsrdə Azərbaycan ədəbiyyatı özünün yeni inkişaf mərhələsinə daxil oldu. Ədəbiyyatımız öz Şərq köklərini və milli ənənələrini saxlamaqla yanaşı, Avropa ədəbiyyatının yeniliklərindən də bəhrələnməyə başladı. Dramaturgiya, ədəbi tənqid, publisistika və ictimai məzmunlu satiranın milli ədəbiyyata gəlməsi bu dövrdə ədəbi inkişafın mühüm yenilikləri idi. Ədəbiyyatda xalq, vətən, millət anlayışları ön plana çıxmağa başladı.
Bu dövrdə Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri Qasım bəy Zakir idi. Rusiya hakim dairələrinin xalqımızın milli hissini təhqir etməsi, tarixi torpaqlarımıza, xüsusən Qarabağa erməniləri yerləşdirməsi, idarələrdə rüşvətxorluğun hökm sürməsi Q.Zakirin satirik şeirlərinin əsas tənqid hədəfləri idi.