Milli dramaturgiyamızın əsasını qoyan Mirzə Fətəli Axundzadə "Əkinçi"nin nəşrini ilk alqışlayan, ona xeyir-dua verən və məsləhətini bildirənlərdən idi. Bu qəzetin çapı, nəşri, yayılması ilə bağlı M.F.Axundzadə ilə H.Zərdabi arasında məktublaşmalar olmuşdu. "Əkinçi"nin düzgün istiqamət götürməsinə çalışan M.F.Axundzadə məktubunda naşirin qarşısında mühüm peşə qaydalarına əməl olunmasının vacibliyini irəli sürürdü. Onun fikrincə, geniş oxucu auditoriyası üçün nəzərdə tutulan mətbu orqanın şriftləri gözəl, dili rəvan, üslub və orfoqrafiyası düzgün olmalı idi.
H.Zərdabi və M.F.Axundzadənin əqidə və düşüncələrindəki ümumi cəhətləri izah edin.
1877-ci ilin sentyabrında isə qəzetin bağlanması haqqında göstəriş verildi. Bu, yeni Rusiya-Osmanlı müharibəsinin başlanması ilə bağlı idi. “Əkinçi” qəzetinin əsasını qoyduğu milli mətbuat ənənələri sonralar digər ziyalılarımız tərəfindən davam etdirildi.
1879-cu ildə Tiflisdə Səid Əfəndi Ünsizadənin redaktorluğu ilə “Ziya” adlı həftəlik qəzetin çapına başlanıldı. Səid Ünsizadənin qardaşı Cəlal Ünsizadə isə Tiflisdə 1883- cü ildən etibarən “Kəşkül”1 jurnalını (sonradan qəzet) nəşr etdirdi. “Kəşkül” “Əkinçi”nin yolunun davamçısı idi. Qəzet demokratik və maarifçi ideyaları yaymaqla yanaşı, milli və mədəni inkişafımızın yollarını da göstərməyə çalışırdı. Təsadüfi deyil ki, “Azərbaycan milləti” ifadəsi ilk dəfə bu qəzetdə işlənmişdi. Bu ifadənin çox böyük əhəmiyyəti var idi. Çünki ruslar bütün azərbaycanlıları “müsəlman” və ya “tatar” adlandırırdılar. Bu isə əhaliyə öz milli mənsubiyyətini anlamaqda çətinlik yaradırdı.
Milli teatr. 1873-cü ilin martında Bakı Real məktəbinin müəllimi Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirov tərəfindən Mirzə Fətəli Axundzadənin “Sərgüzəştivəziri- xani-Lənkəran” komediyası tamaşaya qoyuldu. Bu tamaşa Azərbaycanın mənəvi həyatında çox böyük hadisə oldu.
Hacı Zeynalabdin Tağıyev teatr binasını (hazırda Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yerləşdiyi bina) 1883-cü ildə özünün taxıl anbarının özülü üzərində inşa etdirmişdi. Tikintiyə mühəndis-memar Lemkul başçılıq etmişdi. Bu teatr qəzetlərdə, afişa elanlarında "Şəhər teatrı” kimi yazılır, el arasında isə "Tağıyev teatrı” ifadəsi işlənirdi.
1 Kəşkül - ərəbcə “çanta”, yəni həyatın hər sahəsindən məlumatları bir yerə toplayan