SUAL VƏ TAPŞIRIQLAR:
XIX əsrin ikinci yarısında Azərbaycan əhalisinin həyatı dəyişirdi. Bu özünü mədəniyyətin yeni sahələri ilə tanışlıqda da göstərirdi. Ali təhsil alan azərbaycanlılar Vətənə döndükdən sonra qəzet nəşr etmək və teatr tamaşaları göstərməklə sadə xalqın gözünü açmağa, milli şüuru oyatmağa çalışırdılar. Xalqımızın maariflənməsi üçün daha hansı işlər görülürdü?
H.Zərdabi, “Əkinçi” qəzeti, “Kəşkül”, M.F.Axundzadə, “Tağıyev teatrı”, Molla Cuma, Aşıq Ələsgər, M.Ş.Vazeh
Milli mətbuat. XIX əsrin 30-40-cı illərində Tiflisdə rus dilində çıxan qəzetlərə Azərbaycan türkcəsində “Tatar xəbərləri”, “Qafqazın bu tərəfinin əxbarı1” adlı əlavələr çap edilirdi. Lakin bu qəzetlərdə yalnız rəsmi sənədlər, hökumət qərarlarının Azərbaycan dilində tərcüməsi verilir, xalqın həyatı, mədəniyyəti haqqında heç bir məlumat dərc olunmurdu. Ona görə də bu qəzetlər milli mətbuat nümunəsi sayılmırdı. Həsən bəy Zərdabi milli mətbuatımızı yaratmaq üçün üç il ərzində məqsədyönlü şəkildə fəaliyyət göstərmiş, İstanbuldan ərəbcə mətbəə hərfləri (şriftləri), Tiflisdən və başqa şəhərlərdən mətbəə avadanlıqları alıb gətirmiş, uzun yazışmalardan sonra 1875-ci il iyulun 22-də Bakıda “Əkinçi” qəzetinin birinci nömrəsini çap etmişdi. 1875-1877-ci illər ərzində “Əkinçi” qəzetinin 56 nömrəsi çapdan çıxdı. Ana dilində çap olunan “Əkinçi” qəzeti hətta Qərb ölkələrində də tanınırdı.
Həsən bəy Zərdabi o dövrün görkəmli ziyalılarını qəzetin ətrafında birləşdirmişdi. Mirzə Fətəli Axundzadə qəzetin çıxmasını alqışlamış və dərc olunmaq üçün öz məqalələrini göndərmişdi. Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov və Əsgər ağa Gorani qəzetlə fəal əməkdaşlıq etmişdilər.
Rusiya hökuməti “Əkinçi” qəzetinin Osmanlı dövlətinə rəğbətlə yanaşmasından narahat olub qəzetin səhifələrində siyasi məsələlərə toxunulmasını qadağan etdi.
1Əxbar - xəbərlər