M.C.Topçubaşov uzun müddət Peterburq Universitetində fars dilindən dərs demiş, kafedra müdiri olmuş, Rusiya Arxeologiya Cəmiyyətinin Şərq numizmatikası1 şöbəsinə başçılıq etmiş, Böyük Britaniya Kral Asiya Cəmiyyətinin həqiqi üzvü seçilmişdi.
Dünya şöhrətli şərqşünas alim Mirzə Kazım bəy əvvəlcə Kazan Universitetində kafedra müdiri və dekan vəzifələrində çalışmış, sonra isə Peterburq Universitetində elmi-pedaqoji fəaliyyətini davam etdirmişdi. 1853-cü ildə Peterburq Universitetində Şərq dilləri fakültəsinin açılmasına nail olmuş və onun ilk dekanı seçilmişdi. Mirzə Kazım bəy Şərq xalqlarının dili və tarixi haqqında onlarla əsər yazmış, “Türk-tatar dilinin qrammatikası”, “Dərbəndnamə” əsərlərinə görə Demidov mükafatı2 almışdı. Bu əsərlər alman, ingilis və fransız dillərinə tərcümə edilərək dəfələrlə çap olunmuşdu.
O, şərqşünaslıq elminə verdiyi böyük töhfələrə görə Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Böyük Britaniya Kral Asiya Cəmiyyətinin həqiqi üzvü seçilmişdi. Müasirləri Mirzə Kazım bəyi “Rusiya şərqşünaslıq elminin atası” adlandırırdılar. Onun əsərləri Almaniya, Fransa və İngiltərənin nüfuzlu jurnallarında dərc edilmişdi.
A.S.Puşkinlə tanışlığı olan Mirzə Cəfər Peterburq aristokratiyasının rəğbətini qazanmışdı. O, A.S.Qriboyedov və polyak şairi Adam Mitskeviçlə yaxın dost idi. Onlar Mirzə Cəfərdən şərq dillərini öyrənmişdilər. Paytaxt mətbuatı 1869-cu ildə onun ölümü münasibətilə belə yazmışdı: “Peterburq Universitetinin nə qədər ömrü varsa, Mirzə Cəfərin adı həmişə böyük minnətdarlıqla çəkiləcəkdir”. Onun atası Əlimərdan bəy Ələkbər bəy oğlu Topçubaşı Gəncənin son hakimi Cavad xanın şəxsi katibi idi. O, ərəb və fars dilləri ilə yanaşı rus dilini də mükəmməl bilirdi. Bu, Rusiya işğalından əvvəlki dövrdə nadir hal idi. Cavad xanın general Sisianova yenilməzlik və cəsarət dolu məktublarını da Ə.Topçubaşı tərtib etmişdi.
"Azərbaycan alimlərinin Rusiya elminə verdiyi töhfələr əvəzsizdir" fikrini əsaslandırın.
Kimyaçı alim Möhsün bəy Xanlarov (1857 - 1921) Almaniyada Strasburq Universitetində ali təhsil almış, orada elmi araşdırmalar aparmış və kimya doktoru alimlik dərəcəsi almışdı. O, ölkəmizdə neft kimyası üzrə ilk elmi laboratoriya yaratmış və tədqiqatlar aparmışdı.
XIX əsrin ikinci yarısında Azərbaycanda biologiya, kənd təsərrüfatı və təbiət elmlərinin inkişafında Həsən bəy Zərdabinin (1837-1907) xidmətləri böyükdür. O, Moskva Universitetinin təbiət elmləri şöbəsini bitirmişdi. H.Zərdabi vətənə qayıtdıqdan sonra pedaqoji və ictimai fəaliyyətlə yanaşı, elmi araşdırmalar da aparırdı.
1 Numizmatika - qədim pulları öyrənən elm sahəsi
2 Demidov mükafatı - Rusiya Xalq Maarifi Nazirliyi tərəfindən ən yaxşı dərsliyin müəllifinə verilirdi.