Rusiya hökuməti müstəmləkə əsarəti altına saldığı xalqların təhsilli, elmli, müstəqil fikirli olmasını istəməsə də, Azərbaycanda yüksək intellektli, maarifpərvər, millətini sevən ziyalılar yetişirdi. Yeni məktəblər, mədəni-maarif ocaqları açılırdı. Təhsil sahəsində əsas yeniliklər nədən ibarət idi? Bu yeniliklərin səbəbləri nə idi?
Gimnaziya, Qori Müəllimlər Seminariyası, rus-azərbaycanlı məktəbi, S.M.Qənizadə, qiraətxana, “Gülüstani-İrəm”, M.Kazım bəy
XIX əsrin birinci yarısında Rusiya müstəmləkəçiliyi şəraitində Şimali Azərbaycanın mədəni həyatının bir çox istiqamətlərində müəyyən yeniliklər olsa da, əsrin ikinci yarısında mədəniyyətimizin bütün sahələrində inkişaf meyilləri güclənmiş və bir çox önəmli nailiyyətlər qazanılmışdı. Yeni tipli məktəblər və mədəni-maarif müəssisələri açılmış, Rusiya və Qərbi Avropa universitetlərində ali təhsil almış ilk azərbaycanlı ziyalı kadrlar yetişmişdi. Milli teatrın və milli mətbuatın əsası qoyulmuşdu. Demokratik ruhlu ziyalılar Vətənimizin taleyi ilə bağlı məsələlərin önə çəkilməsi və xalqımızın milli şüurunun oyadılması sahəsində məqsədyönlü şəkildə fəaliyyət göstərməyə başlamışdılar.
“Şuşada tatar (azərbaycanlı) məktəbi”. Rəssam Klerjenin
1842-ci il məlumatına görə, Şimali Azərbaycanda məscidlərin nəzdində 502 ibtidai məktəbdə 5 mindən çox şagird oxuyurdu. Bakıda, İçərişəhərdə iki ibtidai qız məktəbi də fəaliyyət göstərirdi. Bu məktəblərdə 25 şagird təhsil alırdı.
Təhsil. Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonra çar hökumətinin mədəniyyət və maarif sahəsində siyasətinin başlıca məqsədi ölkəmizdə imperiya maraqlarına uyğun gələn təhsil sistemi formalaşdırmaq idi. Hökumət əhalini ruslaşdırmaq və imperiyaya sədaqətli məmurlar hazırlamaq istəyirdi. Çar məmurları bölgədə rus siyasətini elə həyata keçirməyə çalışırdılar ki, nəticədə yerli əhali nəinki rus dilində danışsın, həm də bu dildə düşünməyi də bacarsın. Çar hökumətinin Azərbaycana gətirdiyi maarif sistemi silki xarakter daşıyırdı. Bununla yanaşı, Azərbaycanda xanlıqlar vaxtından qalmış mollaxanalar (ibtidai məktəblər) və mədrəsələr hələ də vəqf əmlakından gələn gəlir hesabına fəaliyyət göstərirdi.
Çar hökuməti Şimali Azərbaycanın sərvətlərini soyub talayaraq əldə etdiyi gəlirlərdən milli məktəblərimizin fəaliyyətinə sərf etmək istəmirdi. Onu daha çox bölgələrdə rus məktəbləri açılması maraqlandırırdı. 1829-cu ildə qəbul edilmiş Əsasnamə ilə Şimali Azərbaycanda ibtidai dövlət məktəblərinin açılması qərara alındı. Belə məktəblərdə bölgədəki rus qoşunlarında qulluq edən zabitlərin və idarə orqanlarında çalışan məmurların uşaqlarına rus dilində ibtidai təhsil verilməli, gələcəkdə diyarın idarə olunması üçün kadrlar hazırlanmalı idi. Çünki mərkəzi quberniyalardan kadr dəvət etmək böyük çətinlik törədirdi. Əsasnaməyə əsasən, Şimali Azərbaycanda ilk qəza məktəbi 1830-cu ildə Şuşada açıldı.