1848-ci ildə Cənubi Azərbaycanın bir çox şəhərlərində üsyanlar başlandı. Tarixə Babilər hərəkatı kimi daxil olmuş bu etiraz çıxışlarının ən güclüsü Zəncanda baş verdi. Bu çıxışlarda ilk dəfə qadınlarla kişilərin hüquq bərabərliyi tələbi irəli sürüldü. Mövcud rejimə qarşı etiraz çıxışlarında əhalinin müxtəlif təbəqələri, o cümlədən qadınlar çox fəal iştirak edirdilər. Qəzvinli Zərrintac öz ağıllı tədbirləri, natiqlik bacarığı ilə üsyançıların sevimlisinə çevrilmiş, xalq arasında böyük hörmət qazanmışdı. 1852-ci ildə Babilər hərəkatı amansızlıqla yatırıldı.
XIX əsrin sonunda Cənubi Azərbaycanda sosial ziddiyyətlərin kəskinləşməsi yeni xalq çıxışlarına səbəb oldu. 1872-ci ildə Təbriz valisinə qarşı xalq çıxışları başlandı və 1881-ci ildə onun Cənubi Azərbaycandan qovulması ilə nəticələndi.
1891-ci ildə ölkənin bir çox yerlərində, o cümlədən Təbrizdə “Tənbəki üsyanı” adlı xalq çıxışları baş verdi. Etiraz çıxışlarının əsas səbəbi şahın fərmanı ilə İranda tütün və tənbəki istehsalı və ticarətinin ingilis kapitalisti Talbotun rəhbərlik etdiyi şirkətə verilməsi oldu. “Tənbəki üsyanı”nın əsas mərkəzlərindən biri Təbriz şəhəri idi. Xalq hərəkatının geniş miqyas alması şah hökumətini geriyə addım atmağa vadar etdi. Bir il sonra şah tütün və tənbəki inhisarını Talbota vermək haqqında müqaviləni ləğv etdi. Beləliklə, ingilis şirkəti Cənubi Azərbaycanda fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı.
1898-ci ildə Zeynəb paşa adlı qadının rəhbərliyi ilə Təbrizdə üsyan baş verdi. Üsyan taxıl möhtəkirliyinə qarşı yönəlmişdi. Zeynəb paşa Təbrizin yoxsul qadınlarını ətrafına toplayaraq taxıl möhtəkirlərinin anbarlarına hücum etdi. Taxıl anbarlarını açdırıb taxılı aclıq çəkən ailələrə pulsuz payladı.
SUAL VƏ TAPŞIRIQLAR:
Şimali Azərbaycan | Cənubi Azərbaycan |
fərqli cəhətlər | oxşar cəhətlər | fərqli cəhətlər |
1 Möhtəkirlik - süni şəkildə zəruri məhsulların qıtlığını yaratmaq, sonra isə onları baha qiymətə satmaq