Kəndli hərəkatı. XIX əsrin 70-90-cı illərində Azərbaycan kəndində kapitalist münasibətləri yaranır, ictimai təbəqələşmə baş verirdi. Ölkəmizə rus kəndlilərinin köçürülməsi davam etdirilirdi. Nəticədə, yerli kəndlilərin bir hissəsi torpaqsızlaşır və aztorpaqlı kəndlilərin sayı artırdı. Ağır vergilər kəndlilərin vəziyyətini daha da dözülməz edirdi. XIX əsrin son rübündə çarizmin milli müstəmləkə zülmünə qarşı mübarizə gücləndi. Kəndlilər vergi verməkdən və mükəlləfiyyətlər daşımaqdan boyun qaçırır, sahibkarlara məxsus torpaqları ələ keçirir, hökumət məmurlarının, bəylərin evlərinə hücum edir, yandırır, hətta sahibkarları öldürürdülər. Bu dövrdə Qazax, Cavanşir, Yelizavetpol, Şuşa və Quba qəzalarında kəndlilərin fəal çıxışları oldu.
XIX əsrin son rübündə Azərbaycanda kəndli hərəkatının ən geniş yayılmış forması qaçaq hərəkatı idi. Azərbaycanda milli müstəmləkə zülmünə qarşı mübarizədə qaçaq hərəkatının böyük əhəmiyyəti olmuşdu. Zəngəzur qəzasında Qaçaq Nəbi, Qazax qəzasında Qaçaq Kərəm kimi xalq intiqamçıları mübarizə aparırdılar.
Qaçaq Nəbi ilə açıqdan-açığa mübarizədə aciz qalmış çar hökumətinin məmurları onun qüvvəsini zəiflətmək üsulundan istifadə etdilər Bu üsul Nəbi ilə silahdaşlarına suiqəsd təşkil etmək idi. Peterburqdan Tiflisə qəti təlimat üzrə gələn Arzumanyan başda olmaqla, bütün qüvvələr birləşdi. Xəyanət öz işini gördü, əvvəlcə Nəbinin ən yaxın, sadiq silahdaşları bir-bir aradan götürüldü. 15 ildən çox mübarizə aparan xalq qəhrəmanı Qaçaq Nəbi çar hökumətinin muzdlu qatili tərəfindən 1896-cı ildə qətlə yetirildi.
Qaçaq Nəbinin xalq arasında sevilməsinin səbəblərini müzakirə edin.
Fəhlə tətilləri. Bakıda neft sənayesi inkişafa başlayanda burada çalışan fəhlələrin əksəriyyətini Abşeron kəndliləri təşkil edirdi. Lakin sonrakı dövrlərdə neft sənayesinin inkişafı ilə əlaqədar Şimali Azərbaycan qəzalarından, Rusiya imperiyasının daxili quberniyalarından, Qafqazın müxtəlif bölgələrindən, Cənubi Azərbaycandan iş dalınca gələnlərin hesabına onların sayı artırdı. Fəhlələr çox az əməkhaqqı ilə hər gün 12-14 saat işləməyə məcbur idilər. Yaşayış üçün zəruri olan malların bahalığı, ev kirayəsinin yüksək olması fəhlələrin vəziyyətini daha da dözülməz edirdi.
Texniki təhlükəsizlik aşağı olduğu üçün müəssisələrdə tez-tez qəzalar baş verirdi. Qadın və uşaq əməyindən geniş istifadə olunurdu. XIX əsrin 70-ci illərində Gədəbəy, Bakı və Şəkidə ilk tətillər1 baş verdi. Fəhlələr maaşlarının artırılması, ailəli fəhlələrə mənzil verilməsi və digər bu kimi iqtisadi tələblər irəli sürdülər. XIX əsrin sonunda Bakıda sənaye fəhlələri özlərini mütəşəkkil qüvvə kimi göstərməyə başladılar.
1 Tətil - fəhlələrin işi kütləvi və mütəşəkkil qaydada dayandırıb tələblər irəli sürmələri