Xristianlığı qəbul etməkdən boyun qaçıran əhalinin bir hissəsi doğma yurd-yuvalarını tərk etdi, bir hissəsi isə silahlı mübarizəyə başladı.
Zaqatala üsyanı. 1863-cü ildə Gürcüstanda kəndli islahatının keçirilməsinə hazırlıq xəbəri Zaqatala dairəsi1 əhalisinin kəskin narazılığına səbəb oldu. Bu dairə Şimali Azərbaycanın sosial-iqtisadi və siyasi cəhətdən çox ziddiyyətli bölgəsi idi. Çarizmin ağır müstəmləkə siyasəti, məmurların özbaşınalığı və rüşvətxorluğu, zorakı xristianlaşdırma siyasəti bölgədə əhalinin vəziyyətini daha da ağırlaşdırdı. Həmin dövrdə Balakən kəndində kilsə tikilməsi əhalinin narazılığını artırdı.
Zaqatalaya gəlmiş hökumət komissiyasının təklif etdiyi islahat nəticəsində ingiloylar və muğallar2 qazandıqları gəlirin on qatı həcmində birdəfəlik vəsait ödəyərək keşkəl3 sahiblərinin asılılığından azad ediləcəkdilər. Katex, Car, Tala və digər kəndlərin torpaq sahibləri isə əsas gəlir mənbəyindən məhrum olacaqlarına görə islahatın keçirilməsini istəmirdilər.
Üsyan 1863-cü ildə rus ordusunun keçmiş zabiti Hacı Murtuzun rəhbərliyi ilə Zaqatalada başladı. Hacı Murtuzun ən yaxın köməkçiləri balakənli Bürcəli və carlı Molla Zəngi idi. Üsyan geniş sosial təbəqələri əhatə edir, ümummilli xarakter daşıyırdı. Onun hərəkətverici qüvvəsini sadə xalq, keşkəl sahibləri və müsəlman ruhaniləri təşkil edirdi. Əhalinin dini hissinə təsir etmək və daha çox tərəfdar toplamaq məqsədilə Hacı Murtuz imam elan olundu. Üsyançılar Zaqatala qalası üzərinə hücum etdilər. Lakin onlar top atəşi altında geri çəkilməyə məcbur oldular. Rusiya hakim dairələri üsyanı yatırdılar. Üsyanın yatırılmasında İlisu məntəqə rəisinin süvari dəstəsi yaxından köməklik göstərdi. Dağıstandan buraya 3 minlik atlı rus qoşunu da yeridildi.
Üsyanın ən fəal üzvləri edam edildi. Hacı Murtuz da daxil olmaqla, mindən çox üsyançı Sibirə sürgün olundu. Vurulan ziyan üsyançıların hesabına ödənildi.
Üsyanın məğlubiyyətə uğramasının səbəbləri, demək olar ki, XIX əsrin 30-cu illərində baş vermiş üsyanların məğlubolma səbəbləri ilə eyni idi. Lakin çar Rusiyasının hakim dairələri başa düşdülər ki, üsyanın yatırılmasından sonra zorakılıqlar davam edərsə, yerli əhali arasında yeni narazılıq dalğası başlaya bilər. Bunu nəzərə alaraq, zorla pravoslavlaşdırılmış ingiloylara yenidən islam dininə qayıtmağa icazə verildi. Nəticədə, ingiloylar kütləvi surətdə pravoslavlıqdan imtina etdilər.
1Zaqatala dairəsi - 1860-cı ildə Car-Balakən dairəsinin mərkəzi Zaqatala qalasına köçürüldüyü üçün dairə belə adlanmışdır.
2Muğallar - Zaqatala dairəsinin ən qədim türksoylu sakinləri idilər. Əsasən, Alazan çayı boyundakı düzənliklərdə yaşayır, başlıca olaraq əkinçiliklə məşğul olurdular.
2Keşkəl - Burada iri torpaq sahəsi mənasında işlənib.