Xristianlığın zorla yayılması. Rusiya imperiyasının Şimali Azərbaycanda yeritdiyi müstəmləkəçi siyasət çoxşaxəli idi. Mərkəzi hökumət iqtisadi, siyasi ayrıseçkiliklə yanaşı, xalqımızın dini ayinlərini icra etməsinə mane olur, xristianlaşdırma siyasəti aparırdı. Hakimiyyət nümayəndələri xristian dininin pravoslav məzhəbini müstəmləkələrdə yayaraq imperiyanın maraqlarına xidmət edirdilər.
1851-ci ildə Qafqaz canişini knyaz M.Vorontsov xristianlığı qəbul edən ingiloyların1 dövlət xəzinəsinə ödədiyi bəzi vergilərdən azad edilməsi barədə xüsusi əmr verdi. Müstəmləkə zülmü nəticəsində son dərəcə ağır güzəran keçirən əhalinin iqtisadi ehtiyaclarına hesablanmış bu siyasət, dərhal olmasa da, tədricən öz “bəhrəsini” verməyə başladı. 50-ci illərin sonunda bütün Car-Balakən dairəsi üzrə mindən çox ingiloyu pravoslavlaşdırmaq mümkün oldu.
Çarizmin müstəmləkəçilik siyasəti nəticəsində pravoslavlaşdırılan ilk ingiloy kəndləri vaxtilə İlisu sultanlığının ərazisinə daxil olan Qaxda yerləşirdi. Lakin yerli əhalinin böyük əksəriyyəti verilən imtiyazlara, həyata keçirilən şirnikləndirmələrə aldanmır, özlərinin islam dinini qoruyub saxlayırdılar.
Bəhs olunan dövrdə indiki Qax rayonu ərazisində Kürmük və Meşəbaş məbədləri tikildi.
İngiloyları pravoslavlığı qəbul etməyə şirnikləndirmək üçün Rusiya hakimiyyəti bütün metod və vasitələri işə salmışdı. Məsələn, Qafqaz canişini M.Vorontsov arvadı ilə birlikdə “vaxt tapıb” ingiloyların xaç suyuna salınma mərasimlərində iştirak etmək üçün Qaxa gəlmişdi. Onun özü şəxsən burada ingiloyları xaç suyuna salmış, pravoslavlığı qəbul edənlərə qızıl bağışlamış, imtiyazlar və güzəştlər vəd etmişdi.
Azərbaycanda xristianlığın yayılması və müasir dövrdə alban xristian kilsəsinin fəaliyyəti haqqında məlumat toplayın.
Əhali öz əqidəsini - dini inamını saxlamaq üçün əcnəbi missionerlərə2 ciddi müqavimət göstərirdi. Ona görə də çar müstəmləkəçiləri Car-Balakən ərazisində yaşayan ingiloyları zor gücünə xristianlaşdırmağa başladılar. Xristianlaşdırma xüsusi qəddarlıqla həyata keçirilirdi. Məsələn, müsəlman kəndlərindəki məscidlər əhalinin gözləri qarşısında dağıdılırdı.
1İngiloylar - qədim albanların islamı qəbul etmiş nəsilləri.
2Missioner - xristian olmayan əhali arasında xristianlığı yaymaq üçün kilsə tərəfindən göndərilən şəxs