Milli şüurun oyanması. XIX əsrin son rübündə Şimali Azərbaycanda rus müstəmləkə əsarətinə qarşı milli azadlıq hərəkatı başlandı.
Milli hərəkatın birinci mərhələsi (1875 - 1904-cü illər) milli oyanış dövrü hesab olunur. Bu dövrdə Azərbaycanın vətənpərvər maarifçi ziyalılarının fəaliyyətində üç mühüm istiqamət aparıcı yer tuturdu: xalqı maarifləndirmək, milli şüuru oyatmaq, milli dili inkişaf etdirmək.
Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Əlimərdan bəy Topçubaşov, Məhəmmədağa Şahtaxtinski kimi vətənpərvər ziyalılarımız bu dövrdə Azərbaycan milləti ideyasını geniş şəkildə təbliğ etməyə başladılar. M.F.Axundzadə ilk dəfə “millət” anlayışını irəli sürdü, mətbuatda və ictimai fikirdə “Azərbaycan milləti” ifadəsi işlədilməyə başlandı.
1891-ci il noyabrın 16-da “Kəşkül" qəzetində “Azərbaycanlı” imzası ilə çap olunmuş bir məqalədə “Siz nə millətdənsiniz?” sualı qoyulmuş və cavabında “Sizin millət Azərbaycandır” cavabı verilmiş, bununla da “Azərbaycan milləti” ifadəsi gündəmə gətirilmişdi. Bunun ardınca görkəmli publisist Məhəmmədağa Şahtaxtinski “Kaspi” qəzetində çıxmış bir məqaləsində Cənubi Qafqazın müsəlman-türk əhalisini azərbaycanlı, onun dilini isə Azərbaycan dili adlandırmaqla məsələyə aydınlıq gətirmişdi.
Millətin özünüdərk prosesinde savadlı insanların, ziyalıların rolunu izah edin.
M.F.Axundzadə və H.Zərdabi fəaliyyətlərində millətimizin öncə türk, sonra isə müsəlman kimliyini dərk etməsinə çalışırdılar. M.F.Axundzadə Qərbi Avropanın ən mütərəqqi ideyalarını Vətənimizdə yayırdı. O, dilimizin və milli ədəbiyyatımızın inkişafı yolunda böyük xidmətlər göstərdi.
H.Zərdabi Rusiya imperiyasında türk dilində ilk qəzet olan “Əkinçi”ni nəşr etmiş və ilk səhnə əsərini tamaşaya qoymuşdu. H.Zərdabi deyirdi: “Avropa mədəniyyətini və maarif sistemini qəbul etməsək, qonşularımızın əsiri olaraq qalacaq və məhv olub gedəcəyik”.
Sizcə, H.Zərdabi “Avropa mədəniyyəti" deyəndə nəyi nəzərdə tuturdu?
O, Avropa mədəniyyətinin və təhsil sisteminin ana dilində mənimsənilməsini irəli sürdü. Əsarət rejiminə qarşı çıxan bu böyük mütəfəkkir XIX əsr Azərbaycan ictimai fikrinə hürriyyət (azadlıq) ideyasını gətirdi. H.Zərdabi ağır müstəmləkə şəraitində bir xalq olaraq öz milli varlığımızı necə qoruyub saxlaya biləcəyimizin yollarını da göstərdi. Həsən bəy yazırdı: “Milli tərəqqi etmək istəyən hər bir xalq gərək iki şeyi bərk saxlasın.