Ərazi bütövlüyünün pozulmasının Azərbaycan-türk millətinin formalaşması prosesinə təsirini təhlil edin. Azərbaycanın işğal olunmasının bu prosesə necə təsiri oldu?
Fəhlə ictimai qrupunun əsas hissəsini azərbaycanlı fəhlələr təşkil edirdilər. Cənubi Azərbaycandan iş dalınca gəlmiş soydaşlarımız da bu ictimai qrupun tərkibinə daxil idi.
Rusiya Şimali Azərbaycanda milli və dini ayrı-seçkilik siyasəti yeridirdi. Torpaqlarımız parçalandığından “Azərbaycan” adlı inzibati-ərazi anlayışı hər hansı rəsmi sənəddə işlədilmirdi. Hətta ali müsəlman zümrəsinin nümayəndələri də siyasi cəhətdən hüquqsuz idilər. Onlar yüksək dövlət vəzifələrində çalışmırdılar. Azərbaycanlı gənclərə dövlət silah etibar etmir, onları orduya çağırmırdı. Dövlət idarələrində bütün işlər rus dilində aparılırdı. Köçürmə və ruslaşdırma siyasəti yeridilirdi. Tarixən Azərbaycanda bir nəfər də rus yaşamamışdı. XIX əsrin sonunda Şimali Azərbaycan əhalisinin 10%-ni, Bakı şəhəri əhalisinin isə üçdə birini ruslar təşkil edirdi. Xanlıqlar dövründə Bakı şəhərində cəmi 3-5 gəlmə erməni ailəsi yaşayırdı. XIX əsrin sonunda Bakıda ermənilər say etibarilə azərbaycanlı və ruslardan sonra üçüncü yerdə idilər. Dinimiz və din xadimlərimiz çox sərt polis nəzarəti altına alınmışdı. Şirvanşahlar sarayı və Şəki Xan sarayı kimi nadir tarixi abidələrimiz at tövləsinə, anbara çevrilmişdi.
Yadınıza salın: Xalqın formalaşmasında vahid dinin rolu nədən ibarətdir? Azərbaycan xalqının formalaşması neçənci əsrdə, hansı proseslə başa çatmışdır?
Rəsmi sənədlərdən birində yazılmışdı: “Burada təhsili elə qurmaq lazımdır ki, rusca bilik alan tatar (azərbaycanlı) tam bir heçliyə çevrilsin. Rus dilində yazanda çoxlu səhvlər buraxsın, nəinki qubernatordan, hətta sıravi dəftərxana məmurundan da qorxsun”.
Mənbəyə əsasən müstəmləkəçi təhsil siyasətinin mahiyyətini izah edin.
Bütün təbii sərvətlərimiz yadellilərin əlində idi. Azərbaycanın milli burjuaziyası nəinki ruslar, hətta xarici sahibkarlarla müqayisədə aşağı səviyyəli hesab olunurdu. Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev kimi böyük sənayeçilərimiz bu cür milli ayrı-seçkilik siyasətinə qarşı çıxırdılar. Rusiyanın Azərbaycanda tətbiq etdiyi təhsil sistemi xalqımızı ruslaşdırmağa və çarizmə sədaqət ruhunda tərbiyə etməyə yönəlmişdi. Həmin dövrdə çar hakimiyyəti nümayəndələri azərbaycanlı gənclərə hətta rus dilində də keyfiyyətli təhsil vermək niyyətində deyildilər. Çar hökuməti Azərbaycan türklərini rəsmi sənədlərdə “müsəlman” və “tatar” adları ilə göstərirdi. Bu yolla hökumət bizə öz tarixi adımızı unutdurmağa çalışırdı. Xalqımızın öz milli kimliyini dərk etməsinə hər vasitə ilə mane olurdular. Belə siyasətin nəticəsi idi ki, bir azərbaycanlıdan “Millətin nədir?” soruşanda çox zaman “müsəlmanam” cavabını verirdi.
Azərbaycan” adının yaranması və mənası haqqında məlumat toplayıb müzakirə edin.