XIX əsrin sonunda pambıqtəmizləmə müəssisələrinin çoxu Bakı və Yelizavetpol quberniyalarında cəmləşmişdi.
Azərbaycanın iri sənayeçisi H.Z.Tağıyev neft sənayesindən əldə etdiyi kapitalın bir hissəsini balıqçılıq, gəmiçilik və toxuculuq sahələrinə yönəltdi. O, 1897-ci ildə “Lifli maddələrin emalı üzrə Qafqaz Səhmdar Cəmiyyəti”ni yaratdı. Rusiya hökuməti Azərbaycanda xammalı hazır məhsula çevirən müəssisənin açılmasına imkan vermək istəmir, ölkəmizin iqtisadiyyatının müstəmləkəçi mahiyyətini qoruyub saxlamağa çalışırdı. Milli sahibkar H.Z.Tağıyev isə iqtisadiyyatımızın gələcəyini düşünürdü. Hökumət nümayəndələri onun toxuculuq fabriki açmaq istəyinə mane olmağa çalışsalar da, H.Z.Tağıyev 1900-cü ildə Qafqazda ilk toxuculuq fabrikinin açılmasına nail oldu. Bu fabrik Şimali Azərbaycanda hazır məhsul istehsal edən ilk böyük müəssisə idi. H.Z.Tağıyev fabriki işə salmaqla Azərbaycan iqtisadiyyatının bir sahəsində Rusiyanın inhisarçı mövqeyini sarsıda bildi.
XIX əsrin sonlarında Bakıda yeyinti sənayesinin unüyütmə və çəltiktəmizləmə sahələrində ilk kapitalist müəssisələri meydana çıxmışdı. Bakı və Yelizavetpol quberniyalarında tənbəki fabrikləri fəaliyyət göstərirdi. Cənubi Qafqazın bütün tütün fabrikləri, demək olar, Şimali Azərbaycanda yerləşirdi.
Hacı Zeynalabdin Tağıyevin toxuculuq fabrikinin inşası Azərbaycanda təkcə qiymətli ixrac məhsulları və külli miqdarda gəlir gətirən yeni sənaye sahəsinin yaradılması deyil, həm də yüzlərlə işsizin işlə və pulsuz evlə təmin edilməsi demək idi. Fabrik Bakının Əhmədli kəndində işə salınmışdı. Onun nəzdində fəhlə və qulluqçular üçün pulsuz evlər, elektrik stansiyası, ambulatoriya tikilmiş, yaşlı fəhlələr üçün məktəb və kurslar açılmışdı. H.Z.Tağıyevin bu fabriki məşhur memar İ.Qoslavski tərəfindən əvvəlcədən vahid istehsal-yaşayış kompleksi kimi inşa olunmuşdu. Bu, Bakıda xüsusi planla tikilmiş ilk fəhlə qəsəbəsi idi.
Hacı Zeynalabdin Tağıyevin sahibkarlıq fəaliyyəti haqqında əlavə məlumat toplayın.
Nəqliyyat və rabitə. Şimali Azərbaycanda iqtisadiyyatın sürətli inkişafı yeni nəqliyyat vasitələrinin yaradılmasını tələb edirdi.
1883-cü ildə vağzal binası tikildi və Bakıdan Tiflisə qatar işləməyə başladı. Marşrut üzrə sərnişin qatarı ilk vaxtlar üç-dörd gündə bir dəfə yola çıxırdı. Həmin qatarlarla həm də bağlamalar, məktublar, qəzet və jurnallar daşınırdı.
Dəmiryolunun çəkilməsinin iqtisadiyyatın inkişafına təsiri barədə müzakirə aparın.