XIX əsrin 60 - 70-ci illərində keçirilən islahatlar Şimali Azərbaycanda kapitalizmin inkişafına geniş imkanlar açdı. Rusiya hökuməti Azerbaycanda formalaşan kapitalist münasibətlərini nəzərə almağa məcbur idi. Çünki sənaye inkişaf edir, kənd təsərrüfatında yeniliklər artırdı. Bəs nəqliyyat və rabitə sahəsində hansı yeniliklər baş verdi?
Gədəbəy misəritmə zavodu, “Simens qardaşları”, Şəki ipək fabriki, Bakı-Tiflis dəmir yolu, teleqraf, birja
Kapitalistcəsinə inkişaf, neft sənayesində olduğu kimi, sənayenin digər sahələrində də baş verdi. Şimali Azərbaycanda dağ-mədən sənayesi, yüngül və yeyinti sənaye sahələri, nəqliyyat, rabitə, bank sistemi inkişaf etdi. Bununla belə, XIX əsrin sonunda ölkəmiz Rusiya İmperiyasının müstəmləkəçi iqtisadi siyasətinin təsiri altında idi.
Dağ-mədən sənayesi. XIX əsrin ortalarında kapitalist münasibətləri metallurgiya sahəsinə də daxil oldu. Yerli sahibkarlar Gədəbəydə kiçik bir misəritmə zavodu inşa etmişdilər. Bu zavodu alman kapitalını təmsil edən “Simens qardaşları” şirkəti satın aldı. Şirkət 1865-ci ildə Gədəbəy misəritmə zavodunu Almaniyadan gətirilən texniki avadanlıqlarla təchiz edərək Rusiyanın ən böyük misəritmə zavoduna çevirdi. Həmin il Daşkəsəndəki kobalt mədənini də satın alan “Simens qardaşları” burada kobalt zavodu inşa etdi.
1883-cü ildə “Simens qardaşları”nın inşa etdiyi Qalakənd Misəritmə-missaflaşdırma zavodu daha böyük kapitalist müəssisəsi hesab edilirdi. Bu dövrdə Şimali Azərbaycanda əlvan metallurgiya sənayesinin inkişafı alman və rus kapitalına əsaslanırdı.
Yüngül və yeyinti sənayesi sahələri. Şimali Azərbaycanda yüngül və yeyinti sənayesi müəssisələri yerli xammal əsasında inkişaf edirdi. Yüngül sənayenin əsas sahələrindən biri ipək emalı idi. Şəki Cənubi Qafqazda ipək emalı sənayesinin mərkəzi kimi tanınırdı. Rusiyanın toxuculuq sənayesinin artan tələbini ödəmək üçün bu sahə sürətlə inkişaf etdirilirdi. 1861-ci ildə Moskva kapitalistləri Şəkidə böyük ipək fabriki açdılar. Buxar mühərrikləri ilə təchiz edilmiş bu fabrik Avropada ən böyük ipəksarıma müəssisəsi idi. Fabrikdə daha çox qadınlar çalışırdılar. İpək emalı sənayesinin inkişafında azərbaycanlı sahibkarlar da mühüm rol oynayırdılar.
Pambıqçılığın inkişafı pambıqtəmizləmə zavodlarının yaranmasına təkan verdi. İlk pambıqtəmizləmə zavodlarından biri Naxçıvanda fəaliyyətə başlamışdı.