Qara şəhərin XIX əsrin sonundakı görünüşünü və müasir vəziyyətini müqayisə edin.
1878-ci ildə mədənlərdən çıxarılan nefti Bakıya - şəhərdə cəmləşmiş neftayırma zavodlarına çatdırmaq üçün Rusiya imperiyası ərazisində ilk dəfə olaraq buxar nasosları ilə işləyən neft kəmərinin, 1880-ci ildə isə dəmir yolunun çəkilməsi daşınma xərclərini kəskin şəkildə azaltdı.
İnhisarlaşmanın başlanması. XIX əsrin 60-90-cı illərində Şimali Azərbaycanda neft sənayesi sürətlə inkişaf edirdi. Neftin çıxarılması və emalı Abşeronda və Bakıda cəmləşmişdi. Bakı nəinki Rusiyanın, həmçinin bütün dünyanın ən böyük neft sənayesi mərkəzinə çevrilmişdi. Azərbaycanın neft sənayesi əsrin sonlarında ABŞ-ı ötübkeçərək dünyada birinci yerə çıxmışdı. Bu dövrdə dünya üzrə hasil edilən neftin yarıdan çoxu, Rusiya imperiyasında çıxarılan neftin isə 90 faizindən çoxu Bakının payına düşürdü. Neft hasilatının artması çoxlu sayda yeni neft emalı müəssisələrinin açılmasına təkan verdi. Bakıda neftayırma zavodlarının cəmləşdiyi Qara şəhər rayonu yarandı.
Bakıdakı iri neft şirkətləri öz iqtisadi maraqlarını birlikdə qorumaq və yüksək gəlir əldə etmək məqsədilə Neft Sənayeçiləri Qurultayı adlı xüsusi bir təşkilat yaratdılar. Bu təşkilata başçılıq edən Qurultay Şurasına ən iri neft şirkətlərinin nümayəndələri seçilirdi.
1893-cü ildə neft sənayeçilərinin Peterburq müşavirəsində hökumətin himayəsi ilə “Bakı Ağ Neft Zavod Sahibləri İttifaqı” adlı inhisar birliyi yaradıldı. Bakıdakı ağ neft zavodları sahibkarlarının, demək olar ki, hamısı bu ittifaqa daxil idi və emal edilən neft məhsullarının əksər hissəsi həmin inhisar1 birliyinin payına düşürdü. İnhisar birliyində əsas rol oynayan “Nobel qardaşları” şirkəti ABŞ-ın neft maqnatı2 Rokfellerin “Standart oyl” neft şirkəti ilə dünyada ağ neft satışı bazarlarının bölüşdürülməsi üzrə saziş bağladı.
XIX əsrin 70-90-cı illərində neft sənayesi ilə bağlı olan mexaniki istehsal, gəmi təmiri və gəmiçilik, kükürd turşusu istehsalı sahələri də sürətlə inkişaf edirdi. Bakıdakı mexaniki zavodlarda isə neft sənayesində istifadə olunan buxar qazanı, mancanaq və qazma qurğuları hazırlanırdı.
1İnhisar - bir malı istehsal etmək və ya satmaq, yaxud ondan istifadə etmək hüququnun bir şəxsə, müəssisəyə, dövlətə məxsus olması.
2Maqnat - İri sənaye və maliyyə sahibi