Azərbaycan neftinin böyük hissəsi Mərkəzi Rusiyaya daşınırdı. Bu neftin hesabına artıq 80-ci illərdə Rusiya ABŞ-dan neft və neft məhsullarının gətirilməsini tamamilə dayandırdı.
XIX ƏSRDƏ NEFT SAHƏSİNDƏ ŞİMALİ AZƏRBAYCANDA ƏLDƏ OLUNMUŞ "İLK"LƏR
1863-cü ildə Cavad Məlikov Bakıda ağ neft zavodu tikdirdi və dünyada ilk dəfə neftayırma prosesində soyuducu sistemdən istifadə etdi.
1878-ci ildə Bakıdan neft və neft məhsullarının nəqli üçün dünyada ilk dəfə mayedaşıyan tankerdən istifadə olundu.
Araşdırın: Soyuducu sistem vasitəsilə neftayırma prosesi necə baş verirdi?.
Neft hasilatına iri kapital qoyuluşu sənaye çevrilişinə səbəb oldu. 1870-ci illərdən neft quyularının buruq və zərbə üsulları ilə qazılması geniş miqyas aldı. Qazma işində əl əməyini buxar mühərrikləri əvəz etdi. Bu texniki yeniliklər nəticəsində neft çıxarılmasında fabrikzavod mərhələsinə keçildi. 1878-ci ildə Bakı neftinin və neft məhsullarının Rusiyaya böyük həcmdə daşınması üçün dünyada ilk dəfə tanker tipli gəmidən istifadə olundu. Nobel qardaşlarının sifarişi ilə İsveçdə inşa edilmiş neft tankeri Bakı ilə Həştərxan arasında müntəzəm hərəkətə başladı. Çıxarılan neft mədənlərdən zavodlara çəlləkçi və arabaçıların çox ağır zəhməti bahasına daşınırdı.
XIX əsrin sonunda Bakıdakı neft mədənlərində çalışan fəhlələr işəmuzd və vaxtamuzd formada əməkhaqqı alırdılar. Aylıq əməkhaqqı forması daha geniş yayılmışdı.
O dövrün əməkhaqqı sistemində fəhlənin milli mənsubiyyəti və peşəkarlığı da nəzərə alınırdı. Azixtisaslılar daha ağır fiziki əməyə cəlb edilərək nisbətən az maaş alırdılar. Ən az məvacib alanlar azixtisaslı fəhlələr, xüsusən Cənubi Azərbaycandan gələnlər idi.
Bu dövrdə Azərbaycanda əməkhaqqı Rusiya imperiyasının digər bölgələrinə nisbətdə daha aşağı idi.
Cənubi Azərbaycandan gələn fəhlələr nəyə görə ən az məvacib alırdılar?