Rusiya imperiyası azərbaycanlılara etibar etməməkdə haqlı idimi? Sizcə, bunun səbəbi nə idi? Müzakirə aparın.
Beləliklə, islahatdan sonrakı dövrdə Şimali Azərbaycan kəndində kapitalist münasibətləri inkişaf etməyə başladı.
SUAL VƏ TAPŞIRIQLAR:
Neft Vətənimizin strateji sərvətidir. Neft sənayesinin tarixi qədim olsa da, onun sürətli inkişafı XIX əsrin ikinci yarısında başlandı. Neft sənayesi necə inkişaf etdi? Vətənimiz hansı sahədə dünyada ilklərə imza atdı? Neft sənayesinin yaranması və inkişafının hansı nəticələri oldu? Bütün bunlar Bakı şəhərinin simasına necə təsir etdi?
Buruq üsulu, Ağ neft zavodu, muzdlu əmək, H.Z.Tağıyev, “Nobel qardaşları” şirkəti, tanker, neft kəməri, inhisar
Əsas yeniliklər. XIX əsrin ortalarına kimi Şimali Azərbaycanda neft istehsalı hələ aşağı səviyyədə idi. Neftli torpaqlar iltizama verilirdi. Neft mədənlərində icbari kəndli əməyindən istifadə edilirdi.
1848-ci ildə dünyada ilk dəfə mexaniki qazma - buruq üsulu ilə Bibiheybətdə neft quyusu işə salındı. Lakin neft, başlıca olaraq, əllə qazılmış quyulardan hasil edilirdi. XIX əsrin ortalarında Rusiya imperiyasında neftə tələbatın getdikcə artması bu sahədə müəyyən irəliləyişlərə səbəb oldu.
XIX əsrin 50-ci illərində Abşeronda neft emal edən ilk sənaye müəssisəsi yarandı. Rus kapitalistləri Suraxanıda ilk Ağ neft emalı zavodunu inşa etdilər. Azərbaycanlı sahibkar Cavad Məlikov da öz layihəsi əsasında Bakıda Ağ neft zavodu yaratdı.
1864-cü ildə hökumətin qərarı ilə Balaxanı neft mədənlərində kəndlilərin icbari əməyi ləğv edildi. Bu addım neft istehsalında muzdlu əməyin tətbiqinə geniş yol açdı.