Əsas yeniliklər. 1870-ci il kəndli islahatından sonra Şimali Azərbaycan kəndlərində kapitalist münasibətləri inkişaf etməyə başladı. Sahibkarlara məxsus torpaqlar getdikcə daha çox alqı-satqı obyektinə çevrildi. Torpaq icarəsi və muzdlu əməyin tətbiqi genişləndi. Kənd təsərrüfatının bəzi sahələrində (qızılboya, taxılçılıq, pambıqçılıq, üzümçülük) istehsal ticarət əkinçiliyi səviyyəsinə yüksəlmişdi. İxtisaslaşma daha da dərinləşir, texniki bitkilərin əkinləri genişlənirdi. Xüsusilə pambıq əkinlərinin artması Şimali Azərbaycanda suvarma sisteminin yenidən qurulmasını tələb edirdi. Çar hökuməti torpaqların suvarılması işini qaydaya salmaq üçün 1890-cı ildə Qafqaz Su Müfəttişliyini yaratdı.
Şimali Azərbaycanda suvarma sisteminin yararsız halda olmasının səbəblərini izah edin.
Bu dövrdə kənd təsərrüfatında yeni təkmil alətlərin və maşınların tətbiqinə başlandı. Əhalini yeni texnika ilə tanış etmək üçün müxtəlif şəhərlərdə satış və sərgilər təşkil olunur, kənd təsərrüfatı maşınları sınaqdan keçirilirdi. 90-cı artıq illərdə çoxlu sayda təkmilləşdirilmiş kotanlardan istifadə olunurdu. Bakı quberniyasında xeyli sayda təkmilləşdirilmiş biçin maşını da var idi. Lakin kəndlilərin çoxu torpağı xış və kotanlarla əkib-becərməkdə davam edirdilər. Çünki yeni, təkmil alətlər və maşınlar çox baha idi.
Təkmil kənd təsərrüfatı texnikası XIX əsrin sonlarında geniş tətbiq olunmağa başlandı. Əsasən, Amerika fermerlərinin tətbiq etdiyi bu texnikaya Avropa və Rusiyada, eləcə də Cənubi Qafqazda böyük maraq yaranmışdı. Yer şumlayan ağır kotanlar, taxılsəpən və biçən maşınlar, həmçinin digər kənd təsərrüfatı texnikası ilk vaxtlar qoşqu heyvanlarının köməyi ilə hərəkət edirdi. Lakin XIX əsrin sonlarından etibarən bu texnika buxarlı mühərrik vasitəsilə işləyirdi. Bu maşınlar çox baha qiymətə satılırdı. Ona görə də Şimali Azərbaycanda bu texnikanı yalnız rus sahibkarlar və varlı yerli burjua nümayəndələri alıb tətbiq edirdilər
Kənd təsərrüfatında texnikanın tətbiqini kapitalistcəsinə inkişaf adlandırmaq
olarmı?
Fikrinizi əsaslandırın.
Şimali Azərbaycan kəndliləri vergiləri məhsul və pul şəklində ödəyirdilər. Sahibkar kəndində isə malcəhət və bəhrə vergiləri qalırdı. 1887-ci ildə orduya çağırış yaşına çatmış gənclər üzərinə hərbi vergi qoyuldu. Çünki Rusiya hökuməti azərbaycanlılara etibar etmədiyindən gənclərimizi orduya çağırmırdı.