Azərbaycanlı qolçomaq.
XIX əsrin II yarısı
Qolçomaq sözünün hərfi mənası "qolu çomaqlı" deməkdir. Onlar muzdlu əmək tətbiq edən kənd burjuaziyası idilər. Bəzi elmi ədəbiyyatda qolçomaq fermer də adlandırılır.
Taxılın bir hissəsi daxili bazarda satılırdı.
Azərbaycanın əsas taxıl anbarı Yelizavetpol (Gəncə) quberniyası idi. Lənkəran və Şəki qəzaları çəltikçilik üzrə ixtisaslaşmışdı. Taxılçılıq təsərrüfatlarında muzdlu əmək tətbiq olunurdu.
İslahatdan sonra bütün Rusiyada olduğu kimi, Şimali Azərbaycan kəndlərində də təbəqələşmə baş verirdi. Kəndlilərin bir qismi varlanaraq qolçomağa çevrilir, aztorpaqlı və torpaqsız kəndlilər isə muzdlu işçi kimi çalışırdılar. Torpaq satın almış və maddi vəziyyətini nizama salmış varlı kəndlilər artıq başqalarının da torpaqlarını icarəyə götürür, təsərrüfatında yoxsul kəndliləri işlədir, onlara məvacib ödəyirdilər.
Kənd təsərrüfatının digər mühüm sahəsi maldarlıq idi. Maldarlıq təsərrüfatında əsas yeri qoyunçuluq tuturdu. Rusiyanın daxili quberniyalarına və digər xarici bazarlara yun ixracı ildən-ilə artdığı üçün zərif yunlu qoyunların saxlanması geniş miqyas almışdı. Amma buna baxmayaraq, ölkə daxilində əmtəə maldarlığı çox ləng inkişaf edirdi.
Azərbaycanda yarımköçəri həyat sürən əhalinin bir hissəsi tərəkəmə adlanırdı. Onlara qarapapaqlar da deyirdilər. Tərəkəmələr Azərbaycanda Kür-Araz ovalığında, Mil-Qarabağ, Muğan və Şirvan düzlərində yaşayır, icma halında yaylağa köç edirdilər Onlar, əsasən, qoyunçuluqla məşğul olur, heyvandarlıq məhsulları (yağ, pendir, yun və s.) istehsal edir, bunları taxıla və sənətkarlıq məhsullarına dəyişirdilər.
Tərəkəmələr həm də əkinçiliklə məşğul olurdular. Onların aranda qalan hissəsi biçini qurtarıb payız əkininə hazırlıq görürdü. Tərəkəmələrdə xalçaçılıq və toxuculuq inkişaf etmişdi. “Tərəkəmə” xalq rəqsi və musiqisi onlarla bağlıdır. Tərəkəmələr indiki Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan, Dağıstan və İran ərazilərində yaşayırdılar. Rusiya imperiyası dövründə tərəkəmələr yaylaqların və qışlaqların bir hissəsini itirdilər. Çar hökumətinin köçürmə siyasəti nəticəsində onların bir hissəsi hətta arandakı evlərindən, torpaqlarından məhrum oldular Köçmə yaylaq maldarlığına ağır zərbə vurdu. Amma bütün çətinliklərə baxmayaraq, tərəkəmələr öz həyat tərzlərini və ənənəvi təsərrüfat vərdişlərini dəyişmədilər. Lakin sonralar Sovet hökuməti tərəkəmələrin çox hissəsini Mərkəzi Asiyaya sürgün etdi.
Tərəkəmələrin həyət tərzinin dövlət tərəfindən dəyişdirilməsi cəhdinin siyasi və iqtisadi məqsədlərini təhlil edin.