Bəy komissiyaları tərəfindən Şimali Azərbaycanda 1188 nəsil əsil-nəcabətli bəy nəsli kimi tanındı, təxminən bir o qədər, yəni 1048 nəslə bəy titulu verilməsindən imtina edildi. Bundan əlavə, Şirvan, Lənkəran və Bakı xanlarının nəsli hüquqları təsdiq edildi. Lakin Azərbaycanın ali müsəlman təbəqəsinə daxil olan bəylər rus zadəganları ilə bərabər hüquqlara malik deyildilər. Onların ali hakimiyyət orqanlarında təmsil olunmasına imkan verilmirdi.
Rusiya imperiyasının növbəti ayrı-seçkilik siyasətinin xarakterini təhlil edin.
Əsasnaməyə görə, sahibkar kəndlilərinin feodaldan asılılığına son qoyuldu. Kəndlinin istifadəsində olan əkin sahələri, meyvə, tut, üzüm bağları onun pay torpağı hesab edildi və daimi olaraq istifadəsində saxlanıldı. Kəndli öz pay torpağını satın alıb xüsusi mülkiyyətinə çevirə bilərdi. Lakin satın alınacaq yararlı torpaqlar bir kəndli üçün 5 desyatindən çox ola bilməzdi. Bundan artıq olan torpaq sahəsi mülkədarın xeyrinə kəsilib götürülürdü. Həm də torpaq sahibinə icazə verilirdi ki, bütün yararlı torpağın 1/3 hissəsini öz ixtiyarında saxlasın.
Şəkil və mətn əsasında XIX əsrin ikinci yansında Azərbaycan kəndlisinin əmək şəraitini təhlil edin.
Satınalma zamanı kəndliyə dövlət tərəfindən heç bir yardım göstərilmədi. Bunun nəticəsi idi ki, 1870-ci il kəndli islahatı Şimali Azərbaycanda sahibkar kəndlisini torpaq mülkiyyətçisinə çevirmədi və uzun müddət ərzində o, “müvəqqəti mükəlləfiyyətli” vəziyyətində qaldı. Kəndli istifadə etdiyi torpağa görə malcəhət - məhsulun onda biri qədər vergi ödəməli idi, məhsulun yerdə qalan hissəsindən isə sərbəst şəkildə istifadə edə bilərdi. Biyar ləğv edildi və hər desyatin pay torpağına görə pul ödənişi ilə əvəz olundu. Bu cəhətdən islahat burjua xarakteri daşıyırdı.
Torpağın alqı-satqı obyektinə çevrilməsi və kəndlilərin rəsmi olaraq asılılıqdan azad edilməsi ilə Şimali Azərbaycan kəndlərində kapitalist münasibətlərinin inkişafına yol açıldı. Lakin islahatın həyata keçirilməsi ləng gedirdi.