Reskriptə görə, əvvəllər rəiyyət, rəncbər, nökər, əkər adlanan sahibkar kəndlilərinə ümumi bir ad - mülkədar tabelisi adı verildi.
1846-cı il reskripti ilə Rusiya hökuməti ölkəmizdə özünə sosial dayaq yaratmaq sahəsində ilk ciddi addımını atdı.
Sosial dayaq dedikdə, siz nə başa düşürsünüz? Sosial dayaqla etnik dayaq arasında olan fərqi müəyyənləşdirin.
Çar hökuməti Şimali Azərbaycanın sahibkar kəndlərində bəy-kəndli münasibətlərini tənzimləmək üçün 1847-ci ildə “Kəndli Əsasnamələri” qəbul etdi. Bu sənədə görə, 15 yaşına çatmış kişi cinsindən olan hər bir kəndliyə 5 desyatin1 yararlı torpaq verilməli idi. Bunun əvəzində isə kəndli taxıl məhsulunun onda birini, çəltik, meyvə-tərəvəz məhsulunun üçdə birini malcəhət vergisi şəklində sahibkara ödəməli idi. Əgər kəndli torpağını bəyin iş heyvanı, toxumu və alətləri ilə becərərdisə, malcəhət məhsulun beşdə birini təşkil edirdi. Otlaqlardan istifadə edən kəndlilər sahibkara çöp- başı adlı vergi də ödəməli idilər. Bundan əlavə, sahibkarın təsərrüfatında biyara çıxmaq üçün hər kəndli ailəsindən bir nəfər ayrılmalı idi. Həmin kəndli ildə 18 gün heç bir ödənc almadan sahibkarı üçün əkin-biçin işi aparmalı idi.
Yadınıza salın. İşğaldan öncə bəy-kəndli münasibətləri necə idi? Hansı vergi və mükəlləfiyyətlər vardı?
Bütün kəndlilər hamılıqla ildə iki gün bəy təsərrüfatında əvrəz (iməcilik) adlanan ümumi işi yerinə yetirməli idilər. Kəndlilərin yaşayış yerini dəyişib başqa kəndlərə köçmək hüququ saxlanılırdı. Yeni qaydalara əsasən, bəylərə kəndlilər üzərində inzibati, polis və məhdud məhkəmə hüququ verilirdi.
Azərbaycan kəndlisi üçün Rusiya qanunlarına əsaslanan rus məhkəməsi, yoxsa bəy məhkəməsi daha uyğun idi? Fikirləşin və müzakirə edin.
Beləliklə, “Kəndli Əsasnamələri” ali müsəlman təbəqəsi ilə kəndlilər arasında asılılıq münasibətlərini rəsmiləşdirərək qanuni şəklə saldı.
SUAL VƏ TAPŞIRIQLAR:
1Desyatin - Sahə ölçü vahidi, 1,09 hektara bərabərdir.