Uzun müzakirələrdən sonra çar I Nikolay 1840-cı ildə Cənubi Qafqazda inzibati-məhkəmə islahatı keçirilməsi haqqında qanun imzaladı. Cənubi Qafqazda, Rusiyada olduğu kimi, quberniya-qəza-sahə (nahiyə) inzibati bölgüsü və məhkəmə sistemi tətbiq edildi.
Bu yeniliklər xalqımızın mənafeyinə uyğun gəlirdimi? Bunu müəyyən etmək üçün islahatın bəndlərinə baxaq. Bu qanuna görə, komendant idarə üsulu ləğv olundu və Cənubi Qafqaz inzibati cəhətdən iki yerə - Gürcü-İmereti quberniyası və Xəzər vilayətinə bölündü. Həmçinin qondarma “Erməni vilayəti” ləğv edildi, yerində İrəvan və Naxçıvan qəzaları yaradıldı.
Xəzər vilayəti mərkəzi Şamaxı şəhəri |
Gürcü-İmereti quberniyası mərkəzi Tiflis şəhəri |
Şamaxı, Qarabağ, Şəki, Bakı, Lənkəran, Quba, Dərbənd qəzaları |
Yelizavetpol (Gəncə), Naxçıvan, İrəvan qəzaları, Car-Balakən dairəsi |
Sizcə, İrəvan və Naxçıvan qəzalarının yaradılması xalqımızın xeyrinə idimi? Fikrinizi əsaslandırın.
Rusiya hakimiyyəti xalqın müstəmləkə rejiminə qarşı çıxışlarında fəal iştirakına görə bəy və ağalara artıq etibar etmirdi. Ona görə də onları bütün idarə işlərindən kənarlaşdırdı. Hökumət onların yerinə bütün pillələrə rus, xristian məmurları təyin etdi. Üstəlik, bu məmurlar birbaşa Rusiyanın paytaxtındakı rəhbərliyə tabe olmalı idilər. Orada oturan məmurların isə Qafqazda yaşayan əhalinin, xüsusən də müsəlmanların həyat tərzi, məişəti haqqında təsəvvürləri belə yox idi.
Şimali Azərbaycanda ümum-Rusiya qanunları əsasında fəaliyyət göstərən məhkəmələr yaradıldı. Məhkəmə iclasları rus dilində və imperiya qanunları əsasında aparılırdı. Şəriət məhkəmələri yalnız kəbin-talaq və vərəsəlik məsələlərinə baxırdı. Yerli dil və adətləri bilməyən rus hakimlərinin məhkəmə işlərinə baxması əhalinin böyük narazılığına səbəb olurdu.
Yerli əhali arasında böyük hörməti olan ali müsəlman təbəqəsini idarə işlərindən uzaqlaşdıran Rusiya hökuməti nəzərə almamışdı ki, onların yardımı olmazsa, əhalini itaətdə saxlamaq mümkün olmayacaq. Ona görə də 1840-cı il islahatı uğursuzluqla nəticələndi və hökumət az sonra Cənubi Qafqazda idarə sistemini yenidən dəyişməli oldu.