Bununla da, Azərbaycan qitə üzrə ikinci yeri tutmaqla idman ölkəsi olduğunu bir daha sübuta yetirdi. 2016-cı ildə ilk dəfə olaraq Bakı dünyanın ən aparıcı avtoidman yarışı olan “Formula 1”ə, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdi. Bu beynəlxalq yarışlar ölkəmizdə turizm və iqtisadiyyatın müxtəlif sahələrində canlanma yaranmasına təsir göstərdi.
Yeni əsrin ilk illərində mədəniyyətin müxtəlif sahələrinin inkişaf etdirilməsinə, maddi mədəniyyət abidələrinin qorunmasına yönəldilmiş bir sıra qanunlar qəbul edilmişdir. Beynəlxalq İnkişaf Assosiasiyası ilə Azərbaycan hökuməti arasında imzalanmış “Mədəni irsin qorunmasına yardım haqqında” sazişin müddəalarına uyğun olaraq, Bakıda Şirvanşahlar Saray-Kompleksində, Naxçıvanda Möminə xatun və Qarabağlar türbələrində, Şəki Xan sarayında bərpa və yenidənqurma işləri həyata keçirilmişdir.
Bakı şəhərində özünəməxsus memarlıq üslubunda inşa edilmiş Heydər Əliyev Mərkəzi müasir Bakının simvollarından biri hesab edilir. Hündürlüyü 190 metrə çatan nəhəng “Alov qüllələri” isə Bakının görünüşünə xüsusi gözəllik verən memarlıq kompleksidir.
Son illərin möhtəşəm memarlıq abidələrindən biri də Bakı şəhərində Şirvan-Abşeron memarlıq üslubunda tikilmiş dördminarəli Heydər məscididir. Bu məscid nəinki Azərbaycanın, bütövlükdə Qafqazın ən böyük dini memarlıq abidəsidir.
SUAL VƏ TAPŞIRIQLAR: