2011-ci ildə azərbaycanlı müğənnilərin “Avroviziya” mahnı müsabiqəsində 39 dövlətdən olan iştirakçılar arasında birinci yeri tutması musiqi aləmində əsl mədəni hadisəyə çevrildi. Növbəti ildə “Avroviziya” mahnı müsabiqəsi Bakıdakı möhtəşəm “Kristal Zal”da böyük təntənə ilə keçirildi. Bu kimi beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi, əsasən, respublikamızın dünya miqyasında təbliğinə, xalqımızın mədəniyyətinin tanınmasına xidmət edir.
Bakıda ilk Avropa oyunlarının keçirilməsi Azərbaycanın ictimai-siyasi və mədəni həyatında baş vermiş çox mühüm hadisələrdən biridir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın məqsədyönlü fəaliyyəti nəticəsində Olimpiya stadionu, Bakı Atıcılıq Mərkəzi və digər müasir idman qurğuları istifadəyə verilmişdir.
2015-ci ilin iyun ayında Bakıda yüksək səviyyədə keçirilən ilk Avropa Oyunları zamanı Azərbaycan xalqının tarixi, mədəniyyəti, milli-mənəvi dəyərləri bütün dünyaya nümayiş etdirildi. İdmançılarımız Birinci Avropa Oyunlarında, sözün əsl mənasında, tarix yazmağa nail oldular. Onlar yarışlarda 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazandılar.