Onların gərgin axtarışlarının nəticəsi olaraq neftçıxarma sahəsində yeni istiqamət olan radiotexnologiya üsullarının tətbiq olunmasına başlanılmış, reaktiv mühərriklər üçün yeni yanacaq növləri kəşf olunmuş və mülki aviasiyada uçuşların təhlükəsizliyinin elmi əsasları işlənib hazırlanmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının Milli Ensiklopediyasının nəşri haqqında” və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamlarına əsasən, çoxlu elmi və bədii əsərlər oxucuların istifadəsinə verilmişdir.
Son onillikdə iqtisadiyyat, coğrafiya və xəritəçəkmə, Azərbaycan tarixi, filologiya və dilçilik sahələrində fundamental tədqiqatlar davam etdirilmişdir. Azərbaycan tarixi üzrə yazılan əsərlər xüsusilə böyük əhəmiyyətə malikdir. İşğal altında olan torpaqlarımızın tarixi yenidən yazılaraq bir çox dillərə tərcümə olunmuş və dünyaya yayılmışdır.
2011-ci il aprelin 26-da Prezident İlham Əliyev Milli Elmlər Akademiyasının illik ümumi yığıncağındakı çıxışında bildirmişdir: “...Mən çox şadam ki, tarixçilərimiz çox sanballı və əsaslı əsərlər yaradırlar. Xüsusilə Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu bizə diktə edir ki, bu sahəyə daha da böyük diqqət göstərək. Çünki bu bölgənin tarixi ermənilər tərəfindən daim saxtalaşdırılır, daim təhrif olunur. Şadam ki, alimlərimiz mənim çağırışıma müsbət cavab verərək qısa müddət ərzində bu bölgənin tarixi ilə bağlı çox gözəl və real faktlara əsaslanmış əsərlər yaratmışlar. Başlıcası, İrəvan xanlığının tarixi ilə bağlı yaradılmış əsərlər xüsusi məna daşıyır. Çünki əfsuslar olsun ki, dünya birliyi, demək olar, bilmirdi ki, bugünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranmışdır”.
Azərbaycan tarixi elminin inkişafının əhəmiyyətini müəyyən edin.
İncəsənət və idman sahəsində uğurlar. Azərbaycanda incəsənətin müxtəlif sahələrinin inkişaf etdirilməsi dövlətimizin diqqət mərkəzində olmuşdur. Heydər Əliyev Fondunun da fəaliyyətində Azərbaycan mədəniyyətinə qayğı və onun inkişafı əsas yer tutur.
Mədəniyyət və incəsənət sahələrində nailiyyətlərimizin geniş şəkildə təbliği üçün Azərbaycan televiziyasında “Mədəniyyət” kanalı fəaliyyətə başlamışdır. Klassik musiqi sənətinin inkişaf etdirilməsi məqsədilə Beynəlxalq Muğam Mərkəzi yaradılmışdır. “Muğam” televiziya müsabiqələrinin keçirilməsi Azərbaycan muğamlarının təbliği və populyarlaşdırılması baxımından çox əhəmiyyətlidir.
2009-cu ildən etibarən hər il Qəbələdə Beynəlxalq Musiqi Festivalı keçirilir. Festivalda keçmiş SSRİ respublikalarından olan musiqiçilərlə yanaşı, Avropa, ABŞ və İsrail musiqiçiləri də iştirak edirlər. Festival çərçivəsində klassik musiqi konsertləri ilə bərabər, caz və muğam gecələri də təşkil olunur.