Lakin böyük dövlətlərin təcavüzkar Ermənistana himayədarlıq etməsi üzündən sülh danışıqları heç bir müsbət nəticə verməmişdir. 2004-cü ildə Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyi ilə bağlı informasiya müharibəsində “hücum diplomatiyası”nın aparılması vəzifəsini irəli sürmüşdür. Bu diplomatiya nəticəsində erməni lobbisi və onların havadarları son illərdə müdafiə taktikası seçməyə məcbur olmuşlar.
2015-ci il fevralın 7-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Ukraynadan əlavə - Avropada həll olunmamış münaqişələr” mövzusunda panel müzakirəsi keçirilmişdir. Paneldə dövlətimizin başçısı İlham Əliyev çıxış etmiş və sualları cavablandırmışdır.
Ermənistan nümayəndəsinin qərəzli sualına Prezident İlham Əliyev belə cavab verib: “...Ermənistan nümayəndəsinin atəş açılması ilə bağlı sualına cavab olaraq bildirim ki, əslində, həmişə günahı bizim üstümüzə atmaq Ermənistan tərəfinin taktikasıdır. Onlar bizim torpaqlarımızı işğal ediblər, beynəlxalq hüquq normalarını pozublar, Xocalıda soyqırımı törədiblər, tarixi və dini abidələrimizi məhv ediblər və bizi günahlandırırlar Sual isə ondan ibarətdir ki, işğal olunmuş ərazilərdə Ermənistan əsgərlərinin nə işi var? Erməni əsgərinin Ağdamda nə işi var? Əgər o ölmək istəmirsə, onda qoy Ağdama getməsin, olduğu yerdə qalsın, Yerevanda, Gümrüdə, öz ölkəsində qalsın. Sizin özünüz üçün ölkənizdə kifayət qədər yeriniz var. Ermənistanda o qədər də çox insan qalmayıb. Sizin Ağdamda, Füzulidə nə işiniz var?”
"Hücum diplomatiyası" ifadəsini mənbəyə istinad edərək təhlil edin.
Azərbaycan Respublikası 2011-ci ildə BMT-nin üzvü olan 155 dövlətin səsini toplayaraq bu nüfuzlu təşkilatın Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Azərbaycan iki il ərzində bu təşkilatda ona verilmiş səlahiyyətləri uğurla icra etmişdir.
Azərbaycan Respublikası İslam Əməkdaşlığı Təşkilatına üzv olan dövlətlərlə qarşılıqlı faydalı əlaqələrin inkişafına böyük maraq göstərir. Həmçinin Cənubi Koreya, Yaponiya və Çinlə əməkdaşlığı genişləndirməyə çalışır. Son illərdə respublikamız dünyanın aparıcı dövlətləri ilə əlaqələri daha da genişləndirmişdir.
SUAL VƏ TAPŞIRIQLAR: