Şimal qonşumuz Rusiya hərbi-siyasi əməkdaşlıq da daxil olmaqla, bütün sahələrdə Ermənistanla sıx müttəfiq münasibətləri saxlayır. Buna baxmayaraq, Azərbaycan dünyanın bu böyük dövləti ilə normal münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir.
Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunması Azərbaycan üçün həyati əhəmiyyət daşıyır. 2008-ci ildə Rusiya Gürcüstana hərbi müdaxilə etdikdə Azərbaycan çox çətin seçim qarşısında qalmışdı. Rusiya ilə sıx əməkdaşlıq münasibətlərini qoruyub saxlamaq ölkəmiz üçün olduqca vacib idi. Eyni zamanda bölgədə əsas strateji müttəfiqimiz olan Gürcüstanı da müdafiə etmək lazım gəlirdi. Azərbaycan hökuməti Rusiya ilə tərəfdaşlıq münasibətlərini qoruyub saxlaya bildi. Bununla Gürcüstan ərazisində Azərbaycan neftini və qazını nəql edən strateji kəmərlərin təhlükəsizliyi təmin olundu. Həmçinin Gürcüstana mümkün olan qədər diplomatik, siyasi dəstək də verildi. Hazırda minlərlə soydaşımızın yaşadığı Rusiya və Gürcüstanla əlaqələrimiz dinamik şəkildə inkişaf edir.
Gürcüstanla strateji münasibətlərin qurulmasının əhəmiyyətini müəyyən edin.
Azərbaycan rəhbərliyi İran İslam Respublikası ilə qarşılıqlı faydalı əməkdaşlığın inkişafına xüsusi diqqət yetirir. 2004-cü ildə Təbrizdə Azərbaycan Konsulluğunun açılması ölkələrimiz arasında əməkdaşlığın genişlənməsinə təkan vermişdir.
2018-ci ilin avqustunda Xəzəryanı ölkələrin - Azərbaycan, Rusiya, Türkmənistan, Qazaxıstan və İranın dövlət başçılarının Aktau şəhərində keçirilən sammitində imzalanmış “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya bu sahədə görülən işləri daha da sürətləndirmişdir.
ABŞ, Avropa dövlətləri və beynəlxalq təşkilatlarla əməkdaşlıq. Azərbaycan öz xarici siyasətində Amerika Birləşmiş Ştatları ilə normal münasibətlərin saxlanmasına xüsusi əhəmiyyət verir. ABŞ-la münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. ABŞ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Eyni zamanda Xəzər hövzəsində bütün beynəlxalq neft və qaz layihələrinin həyata keçirilməsində yaxından iştirak edir. Prezident İlham Əliyevin 2006-cı ildə ABŞ-a ilk rəsmi dövlət səfəri iki ölkə arasında qarşılıqlı əlaqələrin möhkəmlənməsində böyük rol oynamışdır. Respublikamız ABŞ-ın beynəlxalq terrorizmə qarşı apardığı mübarizədə bu dövlətin etibarlı tərəfdaşlarından birinə çevrilmişdir.
Araşdırın: Hazırda dünyanın hansı ölkələri terrordan daha çox əziyyət çəkir?
Azərbaycan Avropa Birliyinin “yeni qonşuluq” siyasətinə qoşulmuşdur. Respublikamız Cənubi Qafqaz bölgəsində və strateji əhəmiyyətli Xəzər hövzəsində təhlükəsizliyin təmin olunmasına böyük töhfə verir. Eyni zamanda Avropa dövlətləri ilə daha geniş münasibətlər qurulması üçün qətiyyətli addımlar atır. İngiltərə, Almaniya, Fransa və İtaliya ilə münasibətlərimiz yüksələn xətlə inkişaf edir.
NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində bu güclü hərbi-siyasi qurumla əməkdaşlıq davam etdirilir.
Artıq iyirmi ildən çoxdur ki, Azərbaycanla Ermənistan arasında müharibəyə son qoymaq və Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə danışıqlar aparılır.