SUAL VƏ TAPŞIRIQLAR:
Hazırda Azərbaycan Respublikası dünyanın ən dinamik inkişaf edən ölkələri sırasındadır. Respublikanın qarşısında duran ən vacib məsələ Dağlıq Qarabağ münaqişəsinin həll olunmasıdır. Bu istiqamətdə hansı işlər aparılır? Respublikamızın qonşu dövlətlərlə münasibətləri hansı əsaslar üzrə inkişaf etdirilir? ABŞ və Avropa dövlətləri ilə əməkdaşlığın ölkəmiz üçün əsas üstünlüyü nədədir?
Türkiyə ilə münasibətlər, Təbrizdə konsulluğumuzun açılması, Xəzərin hüquqi statusu, Avropa Birliyinin “yeni qonşuluq” siyasəti, “hücum diplomatiyası”
Qonşu dövlətlərlə münasibətlər. 2003-2020-ci illərdə Azərbaycan dövlətinin xarici siyasətinin ana xətti Azərbaycanın dünya dövlətləri içərisində beynəlxalq nüfuzunu daha da möhkəmləndirmək, dünyanın aparıcı dövlətləri və qonşu ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın milli mənafeyinə uyğun şəkildə ədalətli həllinə nail olmaq istiqamətlərinə əsaslanıb.
Azərbaycan təcavüzkar Ermənistan istisna olmaqla, bütün qonşu dövlətlərlə normal münasibətlər qurmuşdur. Türkiyə Respublikası ilə münasibətlər isə ən yüksək səviyyədədir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” adlandırdığı bu ölkələr arasında hərbi-siyasi, iqtisadi və mədəni əməkdaşlıq XXI əsrin ilk onilliklərində daha da genişlənmiş, bu gün artıq strateji tərəfdaşlıq həddinə yüksəlmişdir.
2014-cü ilin aprelində Praqada “Şərq tərəfdaşlığı” proqramına həsr olunmuş sammitdə Ermənistan rəhbəri Türkiyənin ünvanına əsassız ittihamlar səsləndirərkən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kəskin cavabı ilə üzləşdi: “Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam”.
Türkiyə 2019-cu ilin sonuna qədər Azərbaycan iqtisadiyyatına 12 milyard dollardan çox vəsait yatırıb. Azərbaycan isə Türkiyəyə 17,5 milyard dollar sərmayə qoyub.
Türkiyə və Azərbaycanla bağlı işlədilən “Bir millət, iki dövlət” ifadəsini əsaslandırın.