2006-cı ilin martında keçirilmiş ikinci qurultay dünya azərbaycanlılarının birliyinin möhkəmləndirilməsində böyük rol oynadı. Qurultay xaricdə yaşayan azərbaycanlıların problem və qayğılarını, onların birliyi və təşkilatlanması sahəsindəki mövcud vəziyyəti təhlil etdi. Qurultayda xaricdə yaşayan azərbaycanlıların ölkəmizlə əlaqələrinin daha da möhkəmləndirilməsinə, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına, diaspor quruculuğunun təkmilləşdirilməsinə dair önəmli qərarlar qəbul edildi.
Dünya azərbaycanlılarının bir bayraq altında birləşməsi istiqamətində irəliyə doğru növbəti addım 2011-ci ilin iyulunda atıldı. Bakıda Dünya azərbaycanlılarının üçüncü qurultayı oldu. Qurultayda Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının sədri seçildi.
Milli Ordunun hərbi qüdrətinin artırılması. Azərbaycanın ərazi bütövlüyünün pozulması və torpaqlarımızın 20 faizinin təcavüzkar Ermənistan dövlətinin işğalı altında qalması dövlət büdcəsinin əhəmiyyətli bir hissəsinin hərbi xərclərə yönəldilməsinə səbəb olur. Belə ki XXI əsrin ikinci onilliyində Azərbaycan Respublikasının illik hərbi büdcəsi Ermənistan Respublikasının bütün büdcə xərclərindən çox idi. Bu da Milli Ordumuzun ən yeni hərbi texnika, silah-sursat və digər döyüş vasitələri ilə təchiz edilməsinə imkan vermişdir.
Azərbaycan xaricdən ən müasir, yüksək keyfiyyətli döyüş silahları və hərbi texnika almaqla yanaşı, Milli Ordunun silah-sursat və hərbi texnika ilə təchizi sahəsində xarici dövlətlərdən asılılığını azaltmaq üçün həm də milli hərbi sənayeni formalaşdırmağa başlayıb.
Hazırda Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü və hazırlıqlı ordu hesab edilir. Atəşkəs rejimi erməni hərbçiləri tərəfindən tez-tez pozulsa da, bu təxribatların qarşısı ordumuz tərəfindən dərhal alınır və düşmən cavab atəşi ilə yerindəcə susdurulur. Bu işdə Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıq danılmazdır. 2010-cu ilin iyununda Mübariz İbrahimov təkbaşına işğalçı Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini məhv etdi. O, qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid oldu. Azərbaycanın bu igid oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görüldü.
2016-cı ilin aprel ayında cəbhə xətti boyunca atəşkəsi pozan erməni hərbi qüvvələri böyük itkilər verdi. Döyüşlər Azərbaycan Ordusunun parlaq qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Füzuli istiqamətində Lələtəpə yüksəkliyi və bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi.
2018-ci ilin mayında növbəti qələbə nəticəsində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edildi.