Bakının Ələt qəsəbəsində Xəzər dənizinin ən böyük və müasir beynəlxalq liman kompleksi tikilmişdir.
Sosial layihələrin gerçəkləşdirilməsi. XXI əsrin ilk onilliyində, demək olar ki, respublikamızın bütün rayonlarında yeni tipli və müasir avadanlıqlarla təchiz olunan məktəblər və muzeylər tikilmiş, parklar salınmışdır. Rayonların əksəriyyətində müalicədiaqnostika mərkəzləri və xəstəxanalar açılmışdır.
Yenidən qurulmuş və nəticədə Bakının simasını tamamilə dəyişdirmiş Dənizkənarı bulvar şəhər sakinlərinin ən sevimli istirahət məkanına çevrilmişdir.
2007-ci ildə respublikamızda bütün çadır şəhərcikləri ləğv edilmiş, qaçqın və məcburi köçkünlərin mənzil şəraitini yaxşılaşdırmaq üçün bölgələrdə və Bakı şəhərinin müxtəlif rayon və qəsəbələrində müasir şəraitli yaşayış evləri tikilmişdir.
Bakı şəhərinin əhalisini yüksək keyfiyyətli içməli su ilə təmin etmək üçün dövrün nəhəng layihələrindən biri olan Oğuz-Qəbələ-Bakı su kəməri çəkilmişdir. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin 2012-ci ilin iyulunda verdiyi fərmana əsasən, vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azaldılması, şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi məqsədilə “ASAN xidmət” mərkəzləri açılmışdır. Belə mərkəzlərin açılması ölkəmizdə dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keÇməsinə şərait yaratmışdır.
"ASAN xidmət” mərkəzlərində hansı xidmətlərin olduğu haqqında məlumat toplayın.
Dünya azərbaycanlılarının təşkilatlanması. XXI əsrin başlanğıcında xalqımızın ən böyük nailiyyətlərindən biri dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlıların bir araya gətirilməsi, soydaşlarımızın milli hüquqlarının qorunması üçün davamlı iş aparan qurumların yaradılması olmuşdur. 2001-ci ilin noyabr ayında Bakı şəhərində Dünya azərbaycanlılarının birinci qurultayı keçirilmiş, qurultayda 36 ölkədən gəlmiş 2 mindən çox nümayəndə və qonaq iştirak etmişdir.
Milli tariximizdə yeni bir mərhələnin əsasını qoyan bu qurultay göstərdi ki, qüdrətli Azərbaycan yaradılması üçün bütün azərbaycanlılar sıx birləşməlidirlər. Harada yaşamalarından asılı olmayaraq, Vətənin bir parçası olduqlarını unutmamalı, milli mənafeyin qorunması üçün var gücləri ilə çalışmalıdırlar. Heydər Əliyev isə dünya azərbaycanlılarını - bu qurultayın nümayəndələrini ilk dəfə bir araya gətirən böyük dövlət xadimi idi.
Milli Məclis “Xaricdə yaşayan azərbaycanlılara münasibətdə Azərbaycan Respublikasının dövlət siyasəti haqqında” Qanun qəbul etdi. 2002-ci ildə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi (2008-ci ildən Diaspora ilə İş üzrə Dövlət Komitəsi adlanır) yaradıldı.
Dünya azərbaycanlılarının həmrəy olduğunu nümunələr əsasında izah edin.