Neft strategiyasının uğurla davam etdirilməsi. Heydər Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycanın neft strategiyası XXI əsrin ilk illərində daha böyük uğurla davam etdirildi. Bu mühüm və strateji əhəmiyyətli sahəyə iri həcmdə investisiyalar qoyuldu, Xəzər dənizindəki “Azəri”, “Çıraq”, “Günəşli” sahələrində yeni neft yataqlarının istismarına başlandı. “Şahdəniz” yatağında aparılan uğurlu qazma işləri Azərbaycanı həm də böyük həcmdə qaz istehsal edən ölkəyə çevirdi. Neft amili Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə ciddi təsir etdi. Dünyanın aparıcı neft şirkətləri ilə qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsi həmin şirkətlərin mənsub olduğu dövlətlərlə siyasi və mədəni əməkdaşlığın genişlənməsinə imkan yaratdı.
Azərbaycan neft və qaz istehsalının sürətlə artması nəticəsində regionun, həmçinin bütövlükdə dünyanın iri neft və qaz ixrac edən ölkəsinə çevrildi. 2006-cı il iyulun 13-də Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri istismara verildi. Bu neft kəmərinin çəkilməsi ilə Azərbaycanın “qara qızılı”nın dünya bazarına ən qısa və təhlükəsiz yolla çıxarılması təmin olundu. Hazırda Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri Türkiyənin və Avropanın enerji təhlükəsizliyi sisteminin ayrılmaz hissəsinə çevrilmişdir.
Cənubi Qafqazın hansı dövləti həyata keçirilən layihələrdən kənarda qalmışdır?
2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri də işə salındı. Bu qaz kəməri Gürcüstanın və Türkiyənin təbii qaza olan tələbatını ödəməklə yanaşı, Azərbaycan qazının Türkiyə vasitəsilə Yunanıstana və digər Avropa ölkələrinə ötürülməsinə də imkan verdi. Azərbaycan təbii qazının Avropaya daha böyük həcmdə çıxarılması üçün 2013-cü ilin dekabrında bir sıra Avropa dövlətləri nümayəndələrinin iştirakı ilə müqavilə imzalandı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “XXI əsrin müqaviləsi” adlandırdığı bu sənəd Trans-Anadolu (TANAP), Trans-Adriatik (TAP) qaz boru kəmərlərinin tikintisini reallığa çevirdi. Eyni zamanda Xəzər dənizindən İtaliyaya doğru, Avropanın enerji təhlükəsizliyi üçün böyük əhəmiyyətə malik yeni “Cənub” qaz dəhlizinin yaradılmasına imkan yaratdı.
Qeyri-neft sektorunun inkişafı. XXI əsrin əvvəllərində Azərbaycan hökuməti respublika iqtisadiyyatının neft-qaz istehsalı və ixracından asılılığının azaldılması, dayanıqlı inkişafının təmin edilməsi üçün ardıcıl tədbirlər həyata keçirmişdir. Aparılan dövlət siyasəti neft sənayesi ilə yanaşı, qeyri-neft sektorunun, xüsusilə emal sənayesinin inkişafına zəmin yaratmışdır.
“Qeyri-neft sektoru”dedikdə hansı sənaye sahələri nəzərdə tutulur? Həmin sahələrin inkişafının əhəmiyyətini müəyyən edin.
2003-2015-ci illərdə Bakı ilə yanaşı, respublikamızın bölgələrində də yeni sənaye müəssisələri yaradıldı. Həyata keçirilən sosial-iqtisadi tədbirlər yerli sahibkarlığın inkişafına, əhalinin işlə təmin olunmasına və iqtisadiyyatın qeyri-neft sektorunun sürətli inkişafına təkan vermişdir.
Yaşadığınız ərazidə (şəhər, rayon, kənd, qəsəbə) son dövrlərdə həyata keçirilən abadlıq işləri və ya yeniliklər haqqında müzakirə aparın.
Respublikada nəqliyyat infrastrukturunu inkişaf etdirmək üçün böyük layihələr həyata keçirilmişdir. Yeni avtomobil yolları çəkilmiş və ya yenidən qurulmuşdur. Şərqlə Qərbi, Asiya ilə Avropanı birləşdirən strateji və böyük iqtisadi əhəmiyyətli Bakı - Tbilisi - Qars dəmiryolu xətti inşa edilmişdir.