Azərbaycan Respublikası tam gücü ilə inkişaf edir. Uğurlu daxili və xarici siyasət ölkənin ağır illərini geridə qoymuşdur. Bəs XXI əsrin əvvəllərində respublikanın həyatında hansı yeniliklər baş vermişdir? Azərbaycan Respublikası Qafqazda və dünyada öz mövqeyini möhkəmləndirmək üçün hansı addımlar atmışdır?
İlham Əliyev, XXI əsrin ilk onilliklərində iqtisadi uğurlar, “XXI əsrin müqaviləsi”, TANAP, TAP, Bakı-Tbilisi-Qars dəmir yolu, “ASAN xidmət”, Mübariz İbrahimov, Aprel döyüşləri, Günnüt döyüşü
Azərbaycanın yeni lideri. 2003-cü ilin prezident seçkiləri ərəfəsində Heydər Əliyev ABŞ-ın Klivlend klinikasında müalicə olunurdu. Xalq öz liderini yenə də prezident görmək istəyirdi. Lakin Heydər Əliyev səhhəti ilə əlaqədar seçkilərdə iştirak etmədi. Xalq onun siyasi kursunu layiqincə davam etdirəcək liderə - İlham Əliyevə səs verdi. Oktyabr ayında keçirilən prezident seçkilərində İlham Əliyev qalib gəldi və Azərbaycan Respublikası Prezidenti kimi fəaliyyətə başladı. 2003-cü il dekabrın 12-də Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev vəfat etdi.
“Heydər Əliyev” ordeninin təsis edilməsi Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 28 aprel 2005-ci ildə qərara alınmışdır. “Heydər Əliyev” ordeni Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında müstəsna tarixi xidmətləri nəzərə alınaraq və onun xatirəsini əbədiləşdirmək məqsədilə yaradılmışdır.
Araşdırın: “Heydər Əliyev” ordeni Azərbaycan vətəndaşlarına və əcnəbi vətəndaşlara hansı xidmətlərinə görə verilir?
İlham Əliyev daxili və xarici siyasət sahəsində Heydər Əliyev kursunu inamla davam etdirərək Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafında yeni bir mərhələnin başlanğıcını qoydu. Azərbaycanda hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin yaradılması istiqamətində mühüm addımlar atdı. O, Azərbaycanı Cənubi Qafqazın lider dövlətinə çevirməyə nail olub xalqın inam və etimadını doğrultdu. Ona görə də İlham Əliyev 2008, 2013 və 2018-ci illərdə keçirilən prezident seçkilərində də böyük səs çoxluğu ilə qalib gəldi.