Şimali Qafqazda dağlı xalqların azadlıq hərəkatının başçısı Şeyx Şamil Quba əhalisinə göndərdiyi məktubunda yazırdı: "Yadellilərin zülmündən qurtulmaq üçün bir çıxış yolu var, o da silahlı mübarizədir. Bizim etiqad və adətlərimizin yağılarına qarşı üsyan edin!
Ruslar ona görə məndən nə isə tələb etmək gücündə deyillər ki, mən gecə-gündüz vuruşaraq bizim gücümüzün üstünlüyünü sübuta yetirdim. Boş vədlərə, kağızlara inanmayın, susmaq sizin üçün ölüm deməkdir! ”
Mənbə əsasında Şimali Qafqazda dağlı xalqların azadlıq hərəkatının Quba üsyanı ilə əlaqəsini təhlil edin.
Quba üsyanı. XIX əsrin 30-cu illərində Şimali Azərbaycanda çarizmin müstəmləkə əsarətinə qarşı baş vermiş üsyanlar içərisində ən güclüsü Quba əyalətində baş verən üsyan idi.
Quba əyalətinin komendantı vəzifəsindən sui-istifadə edərək əhali üzərinə ağır vergilər qoyur, sakinləri qanunsuz mükəlləfiyyətlərə cəlb edir, hətta məscid və mədrəsələrin saxlanması üçün yığılan zəkatı da mənimsəyirdi. 1837-ci ilin əvvəlində Varşavadakı müsəlman alayına Quba əyalətindən atlı toplanması haqqında yayılan xəbər üsyan üçün bəhanə oldu. Başqa əyalətlərdən fərqli olaraq, Quba əyalətində bir atlının təchizatı sakinlərə baha başa gəlirdi. Əhali hökumət nümayəndələrindən atlı yığılmasının dayandırılmasını, komendantın və onun əlaltılarının işdən azad edilməsini, vergi və mükəlləfiyyətlərin azaldılmasını tələb etdi. Hərbi dairə rəisi bəzi tələbləri yerinə yetirməyi vəd etsə də, buna əməl etmədi.
1837-ci ildə Qubada Rusiya imperiyasının müstəmləkə zülmünə qarşı silahlı üsyan başladı. Bu üsyan əhatə dairəsinə və iştirakçıların sayına görə digər üsyanlardan fərqlənirdi.Üsyançıların sayı 12 min nəfərə çatırdı. Üsyanın başlıca qüvvəsi kəndlilər olsa da, Quba bəylərinin böyük hissəsi də onlara qoşulmuşdu.
Üsyana Hacı Məhəmməd başçılıq edirdi. Üsyan gedişində Hərbi Şura yaradıldı. Hərbi Şuranın hazırladığı plana əsasən üsyançı dəstələr Quba şəhərini mühasirəyə aldılar. Bir dəstə üsyançı Qubaya daxil oldu. Lakin üsyançıların əsas qüvvələrinin Qubaya hücum etməkdə ləngiməsi şəhəri tamamilə ələ keçirməyə imkan vermədi. Üsyançılar mərdliklə vuruşsalar da, uğur qazana bilmədilər və şəhəri tərk etməyə məcbur oldular.
Qafqazın baş hakimi Qubaya əlavə qüvvələr göndərdi. Üsyan amansızlıqla yatırıldı. Hacı Məhəmməd Bakı Hərbi-səhra məhkəməsinin hökmü ilə dar ağacından asıldı. Üsyanın digər fəal iştirakçıları Sibirə sürgün edildi.
Şəki üsyanı. Rusiya imperiyasının müstəmləkə rejiminə qarşı böyük xalq çıxışlarından biri də Şəki əyalətində baş verdi. Xanlıq dövründə vergidən azad olan maaflar1 üzərinə yenidən vergi və mükəlləfiyyətlər qoyulmuşdu. Kəndli və sənətkarlardan ilbəil yeni vergi və rüsumlar yığılırdı. Hökumət məmurları özbaşınalıqlar edir, ali zümrəyə qarşı ayrı-seçkilik siyasəti yeridirdilər. Bu səbəblərdən Şəkidə üsyan başladı.
Şəkinin keçmiş hakimi Səlim xanın oğlu Hacı xan tərəfindən Qacarlar dövlətindən Şəkiyə göndərilən Məşədi Məhəmməd əhalini üsyana qaldırdı.
1 Maaf - Xanlıqlarda asayiş qoruyucusu idillər və qoşunun əsasını təşkil edirdilər. Bunun müqabilində xan maafları vergilərdən azad edirdi.