Bazar iqtisadiyyatına doğru. İqtisadi dirçəlişin başlanması. 1990-cı illərin ağır siyasi vəziyyəti, planlı təsərrüfatdan azad bazar iqtisadiyyatına keçilməsi iqtisadiyyatın hər bir sahəsinə mənfi təsir göstərmişdi. Respublikanı ağır iqtisadi böhran vəziyyətindən çıxarmaq üçün, ilk növbədə, yeni qanunlar qəbul edildi, islahatlar keçirildi. 1994-cü ildə xarici ticarətin sərbəstləşdirilməsi haqqında prezident fərmanı verildi. Hüquqi və fiziki şəxslər xarici ölkələrlə sərbəst şəkildə ticarət etmək hüququ qazandılar. Həmin ildə milli valyuta - manat respublikada yeganə ödəniş vasitəsi elan edildi, inflyasiya1 cilovlandı.
Müstəqillik dövründə respublikanın iqtisadiyyatında baş vermiş struktur dəyişikliklərinin mühüm istiqamətlərindən biri də torpaq islahatının həyata keçirilməsi oldu. 1996-cı ilin iyulunda “Torpaq islahatı haqqında Qanun” qəbul edildi. Sovet İttifaqı dağılandan sonra müstəqillik əldə edən bütün digər respublikalardan fərqli olaraq, Azərbaycanda torpaq sosial ədalət prinsipinə uyğun olaraq kənd sakinlərinin xüsusi mülkiyyətinə pulsuz verilirdi. Respublikanın vahid torpaq fondu əsasında dövlət, bələdiyyə və xüsusi torpaq mülkiyyəti forması müəyyən edilmişdi.
Beləliklə, Azərbaycan Respublikası üçüncü minilliyə ictimai-siyasi sabitliyin möhkəmləndiyi, iqtisadiyyatın uğurla inkişaf etdiyi, yeni-yeni mədəni nailiyyətlərin qazanıldığı bir şəraitdə daxil oldu.
1İnflyasiya - pulun dəyərdən düşməsi.