Parlamentin qəbul etdiyi qanunlar əsasında Azərbaycanda siyasi, iqtisadi, hüquqi, demokratik islahatlar həyata keçirildi.
Milli dövlətçiliyin möhkəmləndirilməsi. 1998-ci ildə Konstitusiya Məhkəməsi təşkil olundu. Həmin ildə Azərbaycan Respublikasında senzura və ölüm cəzası ləğv edildi. İnsan azadlığı və vətəndaşların sərbəst siyasi-ictimai fəaliyyət göstərməsi üçün real imkanlar yaradıldı. Bu müsbət dəyişikliklər 1998-ci ilin oktyabrında alternativ əsaslarla keçirilən prezident seçkilərində Heydər Əliyevin mütləq səs çoxluğu ilə qalib gəlməsinə səbəb oldu. Xalq onu yenidən Azərbaycan Respublikasının Prezidenti seçdi. Respublikamızda siyasi sabitliyin yaranması, dövlətçiliyin inkişafı, xüsusilə də dövlət nəzarətinin güclənməsi, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması və nüfuz qazanması ölkəmizin iqtisadi və mədəni həyatına önəmli təsir göstərdi.
Azərbaycan xalqının prezident seçkilərində yenidən Heydər Əliyevə səs verməsinin səbəblərini izah edin.
Yeni Konstitusiyanın tələblərinə uyğun olaraq yerli özünüidarə orqanları - seçkili bələdiyyələr yaradılmasına başlanıldı. 1999-cu ilin dekabrında Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri keçirildi.
2001-ci il dekabrın sonunda Milli Məclis “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya qanununu qəbul etdi. Nəticədə, qabaqcıl demokratik Avropa dövlətlərində olduğu kimi, Azərbaycanda da insan hüquq və azadlıqlarının müdafiəçisi olan Ombudsman təsisatı yaradıldı.
Ombudsman təsisatının fəaliyyəti haqqında məlumat toplayın.
2002-ci, 2009-cu və 2016-cı illərdə keçirilmiş referendumlar nəticəsində Konstitusiyanı daha da demokratikləşdirmək üçün bir sıra dəyişikliklər və əlavələr edildi. Önəmli dəyişikliklərdən biri Azərbaycan Respublikasının vitse-prezidenti vəzifəsinin təsis edilməsi idi.
Uğurlu neft strategiyası. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycanın yeni neft strategiyası müəyyən edildi. 1994-cü il sentyabrın 20-də Azərbaycan Dövlət Neft Şirkəti dünyanın iri neft şirkətləri ilə Xəzər dənizinin Azərbaycana aid hissəsində neft hasilatı haqqında saziş imzaladı. Bu müqavilə tezliklə dünyada “Əsrin müqaviləsi” adı ilə məşhurlaşdı. Xəzər dənizindən çıxarılan Azərbaycan neftini Rusiya vasitəsilə Qara dəniz limanlarına aparmaq üçün 1997-ci ildə Bakı-Novorossiysk boru xətti istifadəyə verildi. 1999-cu ildə isə Gürcüstan ərazisindən keçən Bakı-Supsa neft kəməri işə salındı.
1999-cu ilin noyabrında İstanbulda Xəzər dənizində çıxarılacaq xam neftin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsi haqqında saziş imzalandı. 2001-ci ildə isə Azərbaycan qazının Bakı-Tbilisi-Ərzurum qaz kəməri vasitəsilə dünya bazarına çıxarılması haqqında Türkiyə və Gürcüstanla sazişlər bağlandı.
Bağlanan sazişlərin Azərbaycan üçün strateji əhəmiyyətini izah edin.