Azərbaycan Respublikası Konstitusiyasında vətəndaşların əsas hüquq və azadlıqları, vəzifələri göstərilmiş, Azərbaycan dövlətinin insan və vətəndaş hüquq və azadlıqlarının təminatçısı olduğu bəyan edilmişdir.
Sxemə əsasən, Azərbaycan Respublikasının idarəetmə formasında nəzarətçi və məsul tərəfləri müəyyən edin.
Dünyanın qabaqcıl, demokratik dövlətlərində olduğu kimi, respublikamızın yeni Konstitusiyasında da hakimiyyət bölgüsü nəzərdə tutulmuşdur: icra hakimiyyətinin Azərbaycan Respublikası Prezidentinə, qanunverici hakimiyyətin Milli Məclisə, məhkəmə hakimiyyətinin isə müstəqil məhkəmələrə mənsub olduğu təsbit edilmişdir.
Bu Konstitusiyanın qəbul edilməsi ölkəmizdə demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunda önəmli addım oldu.
1995-ci il noyabrın 12-də ilk dəfə müstəqil parlament seçkiləri keçirildi. Yeni seçilən Azərbaycan parlamenti dərhal geniş qanunvericilik fəaliyyətinə başladı. Parlamentdə insan hüquqları, elm, təhsil, mədəniyyət, iqtisadiyyat, ekologiya və digər sahələr üzrə daimi komissiyalar təşkil olundu. Azərbaycan parlamenti dünyanın qabaqcıl ölkələrinin qanunverici orqanlarının təcrübəsini öyrənməyə başladı. Parlamentin nümayəndələri Avropa Şurası sessiyalarında dəfələrlə iştirak etdilər. Bütün bunlar respublikamızda demokratik qanunvericiliyin formalaşmasına və inkişaf etdirilməsinə geniş imkanlar açdı.