1994-cü ildə Budapeşt sammitində bu təşkilat Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) adlandırıldı və Rusiya, ABŞ, Fransa nümayəndələri Minsk qrupunun həmsədrləri təyin edildi.
Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycanın dünya dövlətləri arasında tanıdılması sahəsində fəaliyyəti daha da genişləndirildi və məqsədyönlü şəkil aldı.
Rusiyanın təzyiqlərini zəiflətmək məqsədilə Azərbaycan Respublikası 1993-cü ilin sentyabrında Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil oldu. Lakin MDB-yə üzv olan dövlətlərin bərabərhüquqlu əməkdaşlığı təmin edilmədi, bu təşkilatda təmsil olunan dövlətlər arasında münaqişələrin aradan qaldırılması üçün təsirli tədbirlər həyata keçirilmədi.
Heydər Əliyev MDB dövlət başçılarının, demək olar ki, bütün görüşlərində birlik daxilində belə qeyri-sağlam münasibətlər olmasının yolverilməzliyini, separatizmlə mübarizənin vacibliyini diqqətə çatdırırdı. Ona görə də Azərbaycan daha çox MDB-yə daxil olan dövlətlərlə ikitərəfli əlaqələri möhkəmləndirməyə üstünlük verməyə başladı.
MDB-ni SSRİ-nin varisi hesab etmək olarmı? Fikrinizi bildirin.
Azərbaycan Respublikası 1994-cü ilin may ayında NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” Proqramına qəbul edildi. Azərbaycanlı hərbçilərin Kosovo və Əfqanıstanda beynəlxalq sülhməramlı qüvvələrin tərkibində əməliyyatlarda iştirak etməsi NATO ilə əlaqələrin daha da genişlənməsinə gətirib çıxardı.
Azərbaycan-Gürcüstan və Azərbaycan-Ukrayna strateji əməkdaşlıq sazişləri bağlandı. 1997-ci ilin payızında Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova respublikalarının başçıları GUAM təşkilatının yaradılması haqqında rəsmi protokol imzaladılar. Bu ölkələrin öz aralarında nəqliyyat, ticarət və iqtisadi sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yarandı.
MDB çərçivəsində dövlətlərarası əməkdaşlıqla ayrı-ayrı ölkələrlə fərdi əməkdaşlıq etməyin fərqini izah edin.
1998-ci il sentyabrın 8-də Bakıda keçirilən beynəlxalq konfransda İpək Yolunun bərpası üzrə Bakı Bəyannaməsi imzalandı.
Heydər Əliyev 2000-ci ilin sentyabrında BMT Baş Məclisində və 2001-ci ildə Avropa Şurası Parlament Assambleyasında çıxış etdi. O, inkişaf etməkdə olan ölkələrə texnoloji yardım göstərilməsinin, milli münaqişələrin həll edilməsi üçün təsirli tədbirlər görülməsinin vacib olduğunu vurğuladı. Heydər Əliyev mədəniyyətlərin toqquşması təhlükəsini aradan qaldırmaq üçün demokratiya və bazar iqtisadiyyatının inkişafında ayrı-ayrı xalqların xüsusiyyətlərinin nəzərə alınmasının zəruriliyini qeyd etdi.
Heydər Əliyevin vurğuladığı problemləri və onların həlli yollarını müzakirə edin.
2001-ci ilin yanvarında Azərbaycan Respublikası Avropa Şurasına üzv qəbul edildi. Bununla da, Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvünə çevrildi. Həmin ilin payızında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən sənəd qəbul etdi. 2003-cü ilin yanvar sessiyasında İlham Əliyev AŞPA-nın vitse-prezidenti və bu mötəbər quru mun büro üzvü seçildi.