Məhz bunun nəticəsində erməni-rus hərbi birləşmələri 1994-cü ilin fevralında Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində əvvəlcə uğurla həyata keçirdiyi “Murovdağ əməliyyatı”nın qarşısını ala bildilər. Məğlubiyyətin səbəblərindən biri də hərbi əməliyyat üçün qışın ən kəskin vaxtının seçilməsi və Murovdağda təbii şəraitin ağır olması idi.
Rusiyanın Ermənistana hərbi yardımları haqqında referat hazırlayın.
“Murovdağ əməliyyatı”nda qəhrəmancasına şəhid olmuş Azərbaycan döyüşçülərinin xatirəsinə həsr edilmiş abidə
Rusiya 1994-cü ilin aprelində öz qoşunlarını cəbhə xəttində yerləşdirməyi, bununla da Azərbaycan tərəfindən siyasi-iqtisadi güzəştlər əldə etməyi nəzərdə tutan sülh sazişi layihəsi təklif etdi. Artıq Ermənistanın bəyəndiyi bu layihəni Azərbaycana qəbul etdirmək üçün aprelin 10-dan ermənilər bütün cəbhələrdə yenidən hücuma başladılar. Azərbaycan Ordusu isə düşmənin hücumlarını müvəffəqiyyətlə dəf etdi. Bununla da, münaqişənin yalnız Rusiyanın vasitəçiliyi ilə və təklif etdiyi şərtlərlə həll edilməsi planı baş tutmadı. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin uzaqgörən xarici siyasəti və Milli Ordunu gücləndirməsi nəticəsində Ermənistan və onun havadarları artıq Qarabağ münaqişəsini silah gücünə, zorakı vasitələrlə həll etmək cəhdlərinin mümkün olmadığını dərk etdilər. 1994-cü il mayın 8-də Azərbaycan Respublikası Bişkek protokolunu imzaladı və cəbhədə atəşkəsə nail oldu.
Bişkek protokolu haqqında məlumat toplayın.
O vaxtdan respublikamızın ərazi bütövlüyünün sülh və danışıqlar yolu ilə təmin olunmasını nəzərdə tutan çox çətin və uzunsürən atəşkəs dövrü başladı.
Atəşkəs dövründə Azərbaycan Ordusunun gücünü artırmaq üçün ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirildi. Silahlı qüvvələrin müasir hərbi texnika və bacarıqlı kadrlarla təchiz olunması diqqət mərkəzində saxlanıldı. Ordunun şəxsi heyətinin döyüş qabiliyyəti artırıldı və hərbi hissələrdə nizam-intizam möhkəmləndirildi. Azərbaycan xalqının orduya yardımını tənzimləmək məqsədilə 2002-ci ildə Prezident Heydər Əliyevin fərmanı ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fondu” təsis edildi.
Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Respublikasının ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirləri müqayisə edin.