1993-cü ilin iyun böhranı Ermənistana Qarabağda hücum əməliyyatlarını genişləndirmək üçün əlverişli imkan yaratdı. Ağır daxili və beynəlxalq şərait Azərbaycan xalqını itkilərə düçar etdi. Bəs Qarabağ müharibəsində hansı uğurlarımız oldu? Məğlubiyyətlərin hansı daxili və xarici səbəbləri vardı? Ağır müharibə vəziyyətindən necə çıxış yolu tapıldı?
Dağlıq Qarabağ ətrafındakı rayonların işğalı, “Murovdağ əməliyyatı”, Horadizin azad edilməsi, Bişkek protokolu
Siyasi böhranın Qarabağ müharibəsinə təsiri. 1993-cü ilin iyununda hakimiyyət böhranı və ölkə daxilindəki separatçılıq meyilləri Qarabağ müharibəsində ciddi itkilərə yol açdı. Düşmən sürətlə irəliləyərək iyulun 23-də Ağdam şəhərini işğal etdi. Erməni və rus hərbçiləri ilə qeyri-bərabər döyüşlərdə Ağdam əhalisi yüzlərlə şəhid verdi.
1993-cü ildə yay-payız hərbi əməliyyatları zamanı yeni, daha böyük ərazilər itirildi. Avqustun 23-də Cəbrayıl və Füzuli, avqustun 31-də Qubadlı, oktyabrın 29-da isə Zəngilan rayonları Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Azərbaycan rayonlarının işğalı ilə bağlı 4 qətnamə qəbul etdi. Bu sənədlərdə təcavüzkar erməni hərbi birləşmələrinin işğal olunmuş Azərbaycan ərazilərindən tamamilə və qeyd-şərtsiz çıxarılması tələb olunurdu. Rusiyanın, ABŞ-ın, Fransanın və digər Qərb dövlətlərinin hərtərəfli dəstəyinə arxalanan Ermənistan bu qətnamələri də yerinə yetirmədi.
Ermənistan silahlı qüvvələri 1993-cü ilin noyabrında bütün cəbhə xətti boyu yenidən hücum əməliyyatlarına başladı. Lakin işğalçılar bu zaman artıq Heydər Əliyevin təşəbbüsü ilə gücləndirilmiş Azərbaycan Ordusunun ciddi müqaviməti ilə rastlaşdılar. Dekabrın ortalarında Milli Ordumuz düşmənin Beyləqan istiqamətində tank hücumunun qarşısını aldı və onun yeddi tankını məhv etdi. Milli Ordumuzun döyüşçüləri əks-hücuma keçərək 30 kilometr irəlilədilər.
1994-cü ilin yanvarında Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində Füzuli rayonunun 22 yaşayış məntəqəsi və böyük strateji əhəmiyyətə malik olan Horadiz qəsəbəsi düşməndən təmizləndi.
Sonrakı günlərdə Milli Ordu hissələri hücum əməliyyatlarının miqyasını daha da genişləndirərək Cəbrayıl və Kəlbəcər rayonlarının 10-dan çox kəndini işğalçı erməni hərbi birləşmələrindən təmizlədi.
Milli Ordunun uğurlu hücum əməliyyatları, Azərbaycanın NATO ilə strateji əməkdaşlığa başlaması respublikamızda çətinliklə qazanılmış müstəqilliyin dönməzliyinə xalqın inamını möhkəmləndirdi. Bunun qarşısını almaq, Cənubi Qafqaz bölgəsində öz mövqeyini qoruyub saxlamaq üçün Rusiyanın imperiyapərəst qüvvələri ermənilərə hərbi yardımlar və silah-sursat göndərilməsini daha da artırdılar.