Azərbaycanı parçalamaq cəhdlərinin qarşısının alınması. Azərbaycanı siyasi böhrandan çıxarmağa və dövlətçiliyimizi məhv olmaqdan xilas etməyə qadir olan yeganə şəxsiyyət böyük siyasətçi və dövlət xadimi Heydər Əliyev idi.
Xalq Cəbhəsi hökumətinə qarşı Gəncədə hərbi qiyam zamanı Heydər Əliyev dövləti müdafiə etdiyini açıq şəkildə bildirdi. Böhrandan çıxış yolu axtaran ölkə prezidenti Əbülfəz Elçibəy kömək üçün məhz Heydər Əliyevə müraciət etdi. Xalqın təkidi ilə Naxçıvandan Bakıya gələn Heydər Əliyev respublikanı ağır siyasi böhrandan çıxarmaq üçün bir neçə mühüm addım atdı. O, ilk növbədə, Gəncə şəhərinə gedərək hərbi müxalifətin başçıları ilə danışıqlar apardı, vəziyyətdən çıxış yollarını müəyyən etdi. Heydər Əliyev 1993-cü il iyunun 15-də Milli Məclisin sessiyasında Ali Sovetin sədri seçildi. Azərbaycan tarixində yeni bir dövrün başlanğıcını qoyan həmin gün Milli Məclis tərəfindən 1997-ci ildə Milli Qurtuluş Günü elan olundu.
Respublikada yaranmış mürəkkəb siyasi proseslərlə bağlı prezident Ə.Elçibəy Bakını tərk etdi. Milli Məclis tərəfindən respublika prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə həvalə olundu. Dövlət başçısı olan Heydər Əliyevin qətiyyətli səyləri nəticəsində 1993-cü ilin avqustunda Azərbaycanın cənub bölgəsi xarici qüvvələrin əlaltısı olan təxribatçı-separatçı qüvvələrdən təmizləndi. 1993-cü ildə ölkənin şimal bölgəsində də yerli əhalinin səyi ilə separatçı meyillərin qarşısı alındı. Bununla da, Azərbaycan parçalanmaq təhlükəsindən qurtuldu.
1993-cü il oktyabrın 3-də keçirilən seçkilərdə Heydər Əliyev böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. O, əsas diqqətini ordu quruculuğuna yönəltdi. Milli Ordunun hərbi hissələrini ayrı-ayrı siyasi qrupların təsiri altından çıxardı. Ordunun silah-sursat, geyim və ərzaqla təminatını nizama salmağa başladı.
1993-cü il noyabrın 1-də respublikanın bütün imkanlarını ordu quruculuğu məsələlərinə səfərbər etmək üçün Dövlət Müdafiə Şurası yaradıldı. Yeni Milli Ordu hissələri təşkil edildi.
SUAL VƏ TAPŞIRIQLAR: