Car-Balakən üsyanın iştirakçıları
XIX əsrin 30-cu illərində Car-Balakən dairəsində əhalinin vəziyyəti haqqında malumat toplayın.
Çar hökumətinin bölgəyə qoşun yeritməsi, camaatları tam hüquqsuz vəziyyətə salması Car-Balakəndə üsyana səbəb oldu. Şeyx Şaban və Həmzət bəyin başçılığı altında üsyançılar Yeni Zaqatala yaxınlığında rus ordusunu darmadağın etdilər. Hökumət bölgəyə əlavə qüvvələr gətirdi və ağır toplardan istifadə etdi. Üsyan rəhbərləri arasında ixtilaf yaradaraq onların qüvvələrini parçaladı və qələbə çaldı. Üsyançılara qarşı sərt cəza tədbirləri həyata keçirildi. Bir çox kəndlər tamamilə dağıdıldı, üsyançıların ailə üzvləri Alazan çayı boyundakı boş torpaqlara sürgün edildi.
Lənkəran üsyanı. 1826-cı ildə xanlıq ləğv ediləndən sonra əyalət komendantı xana məxsus əmlakın çox hissəsini müsadirə etdi. Mirhəsən xan təhqir və təqiblərə dözməyərək Qacarlar dövlətinə sığındı.
Lənkəran əyalətində çar hökümətinin özbaşınalığı, cinayətləri haqqında çar ordusundan tərxis olunmuş poruçik Dobrotvorskinin bir yazısı həyata keçirilən qəddar siyasəti sübut edir: "...Rusiya dövlətinə tabe olan Lənkəran xanlığındakı kimi azğınlığa heç yerdə rast gəlmədim... polkovnik Korniyenkonun ədalətsizliyi və onları sıxışdırması haqqında əhalinin şikayətlərini eşitmək ağır idi... Vergini kim vermirdisə, yarımcan olana qədər döyürdülər, təkcə kişiləri yox, qadınları da döyürdülər. Köməksiz uşaqlar isə ətrafa qaçır, fəryad qoparırdılar... Xalqın hər şeyini alırdılar, ya da talan edirdilər" (1831-ci il tarixli bir sənəd).
Müstəmləkə əsarəti Lənkəran əhalisinə böyük sıxıntı, əzab-əziyyət və zülm gətirdi. Ali zümrənin nümayəndələri idarəçilik işlərindən uzaqlaşdırıldı, din xadimlərinin əhali içərisində nüfuzunu sarsıdan addımlar atıldı. Hökumətin vergi siyasəti Lənkəran əyalətində də ağır idi. Kəndlilərdən yığılan vergilərin miqdarı iki-üç dəfə artırılmışdı. Lənkəran komendantı rüşvət alır, hər cür qanunsuzluq törətməkdən çəkinmirdi. Onun əmri ilə 20 nəfəri istintaqsız və məhkəməsiz dənizdə batırıb öldürmüşdülər. Əhalinin böyük əksəriyyətində müstəmləkə rejiminə qarşı nifrət artmışdı. Onlar Qacarlar dövlətinə məktub göndərərək Mirhəsən xanı ruslara qarşı hərəkata başçılıq etmək üçün Lənkərana çağırdılar. 1831-ci ildə Mirhəsən xanın Lənkərana gəlməsi ilə əyalətin mahallarının çoxunu üsyan bürüdü. Kəndlilərlə birgə ali təbəqənin nümayəndələri də üsyançılar sırasında idilər.
Hökumət Azərbaycanın digər bölgələrində yerləşən rus qoşunlarını üsyançılara qarşı göndərdi. 1831-ci il aprelin əvvəlində üsyan yatırıldı. Xan yenidən Qacarlar dövlətinə getdi. Ağır cəza tədbirlərindən yaxa qurtarmaq üçün üsyançı ailələrinin bir qismi də Arazdan cənuba köç etməyə məcbur oldu.